Ermənipərəst Qərb dövlətlərinin qərəzli mövqeyi: Azərbaycana qarşı hücumların məqsədi nədir?

Bəzi Qərb ölkələri hər zaman açıq şəkildə ermənipərəst mövqe
nümayiş etdirib. Zaman-zaman bunun şahidi olmuşuq və 44 günlük
vətən müharibəsi zamanı onların ermənipərəst mövqeyi özünü daha
açıq şəkildə biruzə verdi. Bəzi qərb ölkələri hətta beynəlxalq
qanunları tapdalayaraq, dövlət siyasətini arxa plana keçirərək
qərəzli şəkildə ermənipərəst mövqe nümayiş etdirdi.

Bu gün həmin ölkələr eyni mövqedən çıxış edir. Hətta bəzi Qərb
ölkələri ona hər fürsətdə xəyanət edən Ermənistanı himayə edir,
onun açıq-aşkar xəyanətlərini sanki görməzdən gəlir, Ermənistanda
polisin, güc qurumlarının etiraz aksiyalarına çıxanlara qarşı
amansız davranışlarına, siyasi terroruna, zorakılıq hallarına,
aksiyaları güc yolu ilə dağıtmasına göz yumur, əksinə, etiraz
aksiyasına çıxanları qınayır.

Lakin Ermənistandan fərqli olaraq, Azərbaycanda ən xırda
hadisələr Qərb mediasında amansız zorakılıq kimi tirajlanır,
Britaniya kimi ölkənin səfirliyi Fəvvarələr meydanında keçirilmiş
dinc aksiyadan şou düzəldir, Azərbaycanın ünvanına şər-böhtanlar
yağdırılır, süni gündəm formalaşdırılır.

Bəzi təhlilçilər Ermənistana xüsusi güzəştli, selektiv
münasibəti belə əsaslandırmağa çalışır ki, Qərb guya bu üsulla
Ermənistanı özünə tərəf çəkmək, Rusiyanın patronajlığı altından
çıxarmaq istəyir, halbuki, heç Qərb üçün də sirr deyil ki,
Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti
yoxdur. Belə olan halda, Ermənistana bu münasibətin bir adı var –
Qərbin riyakarlığı.

Ukraynaya qarşı Rusiya ilə eyni cəbhədə döyüşən, Qazaxıstana
KTMT bayrağı altında qoşun yeridən bir ölkə hakimiyyətinə Qərbdə
hörmət bəslənilməsi Qərb dəyərlərinin özünə qarşı hörmətsizlikdir.
Ermənistanın Qəbə qarşı bu cür hörmətsizlik və xəyanət etməsi
fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün
ABŞ-a dəvət edilir, baş nazir Nikol Paşinyanın Demokratiya
Sammitində dəvət edilir.

Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistan siyasi
rəhbərliyinin özlərini Rusiyanın vassalı, ölkələrinin isə Rusiyanın
əyaləti kimi aparmasına baxmayaraq, xüsusilə Fransa özünün
ermənipərəst siyasətini gücləndirir.

Vətən müharibəsindən sonra da Fransa dövlət səviyyəsində
Ermənistana hərtərəfli dəstəyini göstərməkdə davam edir.

Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə
Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa
siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir.
Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında
öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər
iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident
Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə
əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ
xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö
Penin isə Rusiyadan 9 mln. avro alaraq geri qaytarmadığı təsdiqini
tapdı.

Hətta Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Fransa
prezidenti E.Makronun Ukrayna prezidenti V.Zelinskiyə ölkədən
qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən
dəfələrlə dilə gətirilib.

2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya
inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və
Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə
lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli
əməkdaşlığa cəlb olunub. Bu xüsusda, rəsmi şəxslərin, Avropa
Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli
mövqeləri heç də təsadüfi sayıla bilməz.

Əsas nəticə isə odur ki, Ermənistan həm Rusiya, həm Qərb
tərəfdən himayə olunur, həm 44 günlük müharibə zamanı, həm
postmünaqişə dövründə Azərbaycan təkbaşına mübarizə aparır.
Prezident İlham Əliyev bütün tərəflərdən gələn təzyiqlərə
baxmayaraq, müstəqil siyasət yürüdür, təkbaşına mübarizə
aparır.

Teqlər: