Ermənipərəst dairələrin maliyyələşdirdiyi “siyasi mühacirlər” “Qarabağ”ın matçına təxribatlar hazırlayır

Xəbər - Alpər Ziya – Trend:

Dekabrın 9-da İsveçrənin Bazel şəhərində UEFA Avropa Konfrans Liqası çərçivəsində yerli “Bazel” və “Qarabağ” futbol klublarının cavab oyunu baş tutacaq. Bu oyunda bəzi Avropa ölkələrində məskunlaşmış, özlərini “siyasi mühacir” kimi təqdim edən, əslində isə ermənipərəst dairələr tərəfindən maliyyələşən və dəstəklənən bir sıra qaragüruhçu şəxslər tərəfindən stadionda təxribatlar olacağı istisna edilmir.

Təbii ki, onların Azərbaycanı Avropa çempionatlarında uğurla təmsil edən və qürur yerimiz olan “Qarabağ” FK-ya azarkeşlik etmək məqsədilə Bazel şəhərinə gələcək həmyerlilərimizlə toqquşma yaratmağı hədəfləyirlər. Heç şübhəsiz ki, təxribatçılar əllərində Azərbaycanın dövlət rəmzlərini təhqir edən plakatlar nümayiş etdirəcək, bununla da azərbaycanlı azarkeşləri qıcıqlandıracaq, onları əks-reaksiya verməyə və dava salmağa vadar edəcəklər. Çünki bu vaxta qədər analoji hal dəfələrlə baş verib. Bu dəfə isə müharibədəki ağır və acı məğlubiyyətin yanğısı, görünür, daha ciddi fəsadlar törətməyə qadirdir.

Bu təxribatçılar istər stadionun qarşısında, istərsə də canlı yayım zamanı stadionun içərisində təxribatlar törətməklə Avropa KİV-lərinin diqqətini çəkməyə çalışacaqlar.

Əslində, onların real niyyətləri gün kimi aydındır. Toqquşmanı guya Azərbaycan diaspor nümayəndələrinin törətdiyini, real hədəfin isə Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan “siyasi mühacirlər” olmasını nümayiş etdirməkdir. Həm də özlərinə “siyasi bəraət” qazanmaq, Azərbaycan dövləti tərəfindən guya onlara qarşı hücumların davam etdiyini və özlərini “zərər çəkmiş” şəxslər kimi sırımaq istəyirlər. Təbii ki, bununla “mühacir” statusunun və aldıqları maliyyə dəstəyinin davamlılığını təmin etməyi düşünürlər.

Heç kimi sirr deyil ki, bu ünsürlərin real hədəfi Azərbaycan hökuməti deyil, bütövlükdə Azərbaycan xalqıdır. Xüsusən də milli qürur yerimiz olan “Qarabağ” FK-nın oyununu siyasi alətə çevirmək və bununla məkrli niyyətlər güdmək şərəfsizlikdən başqa bir şey deyil.

Bu kütbeyin və tərbiyəsiz ünsürləri yalnız vətən xaini adlandırmaq olar. Onlar ölkəmizə qarşı düşmən münasibəti sərgiləyən dairələrin pulla satın alınmış kuklalardır.

Təbii ki, Azərbaycanı və “Qarabağ”ı sevən həmvətənlərimizin bu ünsürlərə qarşı verə biləcəyi ən layiqli cavab onların təxribatlarına uymamaqdır. Avropa ölkələrində yaşayan hər bir azərbaycanlı bu ünsürlərlə bağlı öncədən yerli hüquq mühafizə orqanlarına fərdi və ya kollektiv formada şikayətlər göndərməklə təxribatı önləyə bilərlər.

Eyni zamanda, AFFA da bu istiqamətdə müvafiq tədbirlər görə bilər. Belə ki, bu qurum UEFA və İsveçrə hüquq mühafizə orqanları vasitəsilə bu təxribatçıların stadiona buraxılmasını əngəlləyə bilər.

Teqlər: