Ermənilərin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş olduğu sübut edilib – Politoloq

Xəbər - İlhamə İsabalayeva – Trend:

1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib.

Bunu AzerTimes-a AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, 31 Mart soyqırımı törədilənə qədər ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımılar törədiblər. XIX əsrin sonlarından etibarən Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər dövlətlərini yaratmaq və sonralar ərazilərini genişləndirmək üçün terror metodundan istifadə etdilər. Rusiya hakim dairələri ermənilərdən istifadə etmək üçün “erməni məsələsi”ni ortaya atırdılar. ermənilərə “Böyük Ermənistan” yaratmaqda kömək edəcəyini vəd edərək, onları yeni silahlarla silahlandırır, ölkə içərisində silahlı üsyanlar təşkil edirdi. Nəticədə erməni hərbi dəstələri I Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhaliyə qarşı görünməmiş cinayətlər törətdilər:

“Erməni könüllü dəstələrinin formalaşmasında Daşnaksütun və Hnçak terror təşkilatları fəal rol oynadılar. Türkləri qətlə yetirmək məqsədilə daşnaklar 40 000 ermənini döyüşə cəlb etmişdilər. Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərirdi. Müharibədə iştirak edən ermənilər daxildə üsyan edən ermənilərlə birləşməli və Türkiyə dövlətini devirməli idilər. Növbəti erməni planlarının iflasından sonra daşnak liderləri ordularını Şərqi Anadoludan çıxararaq Azərbaycan torpaqlarının qərbinə yönəltdilər. Türk dövlətinə qarşı xəyanət edən ermənilər məğlubiyyətə uğradıqdan sonra onların Qafqaza növbəti kütləvi köçü başladı. Bu dövrdə köçənlərin sayı təxminən 300-500 min oldu”.

R.Dadaşova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, 1918-ci ilin martında Bakıda təxminən 11 min azərbaycanlı qətlə yetirilmışdi. Şahidlərin ifadələrinə görə, ermənilər cinayətlərini ört-basdır etmək üçün meyitləri yanan evlərə, dənizə və quyulara atırdılar. İçərişəhərdə yaralıların yerləşdirildiyi xəstəxana Mikoyanın başçılığı altında yandırıldı, təxminən 2000 xəstə yanaraq həlak oldu, qaçmaq istəyənləri güllələdilər. Erməni terror dəstələri 1918-ci ildə Qarabağda 157, Zəngəzurda 115 kənd və qəsəbəni yox etdilər. Zəngəzurda 10 068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın, 2198 uşaq öldürüldü. Lakin qətl edilənlərin sayı göstərilən bu rəqəmlərdən çox olub. Ümumilikdə 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 351 mini öldürülüb, qalanları doğma yurdlarından terror yolu ilə didərgin salınıb. 1917-1918-ci illərdə erməni daş¬nakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədərkən, ən çoх ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan olmuşdu. Bir sutka ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çatmışdı.

Politoloq əlavə edib ki, uzun illər 1918-ci il mart hadisələri obyektiv araşdırılmamış, baş vermiş soyqırımına hüquqi qiymət verilməyib. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu tarixdən etibarən aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxarıldı.

Teqlər: