Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi dağıntıların şahidi oldum. Bütün bunlar insanlığa qarşı cinayətdir. Eyni zamanda fürsətdən istifadə edib Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm.
AzerTimes-ın məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusof İslam Əkəkdaşıq Təşkilatının (İƏT) Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə səfər etmək və bütün prosesləri yaxından görmək imkanı olub: “Biz təkcə münaqişə zonalarına deyil, münaqişə zonalarına yaxın ərazilərdə də olmuşuq və insanların münaqişədən nə qədər əziyyət çəkdiyini görmüşük. Bütün bunların hamısı insanlığa, insanların əmlakına, ətraf mühitə qarşı cinayətdir. Məni məyus edən amillərdən biri ermənilər tərəfindən ibadət evlərinin dəhşətli vəziyyətə gətirilməsidir. Malayziya daim Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini nümayiş etdirib. Bizim dəstəyimiz İƏT Təmas Qrupu çətçivəsində də öz əksini tapıb.
Müharibə nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması üçün öz dəstəyimizi göstərəcəyik. İnanıram ki, İƏT dövlətləri azad edilmiş ərazilərin bərpa prosesində Azərbaycanın yanında olacaq”.