Ermənilərin tarix saxtakarlığı: 5 əsrlik qalanın üzərinə zəng qülləsi tikib qriqoryan kilsəsi adlandırıblar (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Ermənilər tarixboyu mədəniyyət abidələrimizi dağıdıb və
saxtalaşdırıblar. Buna sübut kimi Qərbi Zəngəzur regionunun Gorus
şəhərində Əlidərə kəndində yerləşən qalanı göstərmək olar.

Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix
İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

F.İsmayılov bildirib ki, min illərə şahidlik edən bu kənd
ermənilər tərəfindən dağıdılaraq tamamilə məhv edilib, 200-dən çox
tarix və mədəniyyət abidəsinin yalnız bünövrələri qalıb. Kəndin
qədim yaşayış evləri, inzibati binaları, məscid, kilsə və monastır
komplekslərinin bir çoxunun bünövrələrini belə müəyyənləşdirmək çox
çətindir:

O bildirib ki, Əlidərə kəndi Qərbi Zəngəzur regionunun Gorus
şəhərindən 23 kilometr, Oxçuçayın sahilindən şimali-qərb
istiqamətində 69 kilometr məsafədə dəniz səviyyəsindən 1300-1350
metr yüksəklikdə yerləşir.

“Kəndin bir neçə kilometr cənub-şərq istiqamətində Oxçuçayın sol
sahilində qədim qəbiristanlıq yerləşir. Qəbiristanlıqda 1265-ci ilə
aid qəbir daşları, qəbrüstü abidələr öz mövcudluqlarını indiyədək
qoruyub saxlayır. Əlidərə kəndindən Qafan şəhəri istiqamətində,
Oxçuçaya baxan hündür təpədə Əlidərə Qalası adlandırılan müdafiə
istehkamı var. Qalanın 1611-ci ildə inşa edildiyi güman edilir.
Əlidərə qalası Azərbaycan memarlığının ən möhtəşəm nümunələrindən
hesab olunur.Əlçatmaz hündür bir ərazidə möhtəşəm müdafiə
istehkamının yaradılması abidəni oduqca maraqlı və baxımlı
edir.

Lakin ermənilərin 2010-cu ildə Qaladakı binaların birini təmir
edərək üstündə zəng qülləsi tikib erməni Qriqorian kilsəsi kimi
təqdim etmələri daha bir vandallığın acı nəticəsidir. Bu fəaliyyət
abidələrin mühafizəsi və bərpası işlərində qəbul edilmiş Beynəlxalq
Konvensiyaların müvafiq maddələrinə zidd olsada, ermənilər bu
qanuna zidd əməllərdən on illər boyu istifadə etməklə özlərinə
Cənubi Qafqazda saxta tarix yaradırlar”, – deyə F.İsmayılov qeyd
edib.

Teqlər: