Ermənilər Azərbaycana aid qədim arxeoloji qazıntılar zamanı tapılan və dəyəri milyonlar olan kitablar, eksponatlar, xalçalar, bəzək əşyaları, silah növləri və sairələr oğurlayıb aparıblar və erməniləşdirməyə cəhd ediblər. Lakin nə qədər saxtakarlıq etsələr də, təcrübəli tədqiqatçılar hər bir eksponatın, əşyanın… naxış, quruluş, material və formasına görə müəyyən edə bilirlər ki, bu hansı dövrə, hansı xalqa və hansı coğrafiyaya aiddir.
AzerTimes xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, bir müddət öncə Azərbaycanda hazırlanan və Daşkəsəndə saxlanılan ən qədim İncil kitabının Matandaran muzeyində saxlanılmasını üzə çıxarması erməniləri təvşişə salıb:
“Onlar bizim bu informasiyanı hansı yolla əldə etdiyimizi araşdırırlar. Ancaq ermənilərin bizə cavabı əslində araşdırmamızı dolayısı ilə təsdiq etmələridir”.
Alim vurğulayıb ki, ermənilərin bizim torpaqlardan oğurladıqları daha bir qədim, yaşı 3 min ilə yaxın olan qılıncın gizlədildiyi yeri müəyyən edib:
“Bu şəkildə gördüyünüz yer (foto aşağıda təqdim edilir – red.) İtaliyadakı “San Lazzaro degli Armeni” (“Ermənilərin Müqəddəs Lazarı”) kilsəsidir. Lido və San Servolo adaları arasında Venesiya Laqonunun cənub hissəsində kiçik bir adadır. Burada fotoda gördüyünüz qılınc saxlanılır.
Venesiyanın Ca Foscari Universitetindən olan italyan tarixçisi, Yaxın Şərqdə tapılan qədim qılıncların tədqiqi ilə məşğul olan Vittoria Dall Armellina artefaktı diqqətlə izləyib, qılıncın yaşını təyin etmək istəyib. Vittoria dərhal fərq edib ki, silah orta əsr nümunələrinə bənzəmir və tədqiqatlarında artıq qarşılaşdığı silahlardan daha qədimdir. Qılıncın Azərbaycan ərazisində bu günə qədər tapılan qədim silahlara bənzədiyi ortaya çıxır, təxminən 3000 il öncə yaradıldığı qənaətinə gəlinir.
Qılıncın heç bir bəzəyi, yazısı və fərqləndirici xüsusiyyətləri yoxdur. Silah arsenik bürüncdən hazırlanıb. Qılınc erməni şair Qevond Alişan tərəfindən 19-cu əsrin sonlarında Venesiyaya Türkiyənin Trabzon ərazisindən aparılıb. Azərbaycandan oğurlanıb, Trabzonda gizlədilib və oradan da Venesiyaya aparılıb. Bu ada-şəhərdə kilsədə uzun zamandır saxlanılır.
Azərbaycan ərazisində aşkar edilmiş bu qılınc qəlibdə bütöv şəkildə tökülüb və ağır enli tiyəsi ilə seçilir. Belə tiyə ilə yalnız yuxarıdan aşağıya doğrayıcı zərbələr vurmaq mümkün idi. Tiyə batırıcı zərbələr üçün nəzərdə tutulmadığından ucu dairəvi və kütdür. Belə silahlardan bir neçəsi 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində tapılıb, türk döyüş tipli qılıncdır. Belə ki, silahın uzun tiyəsi tədricən dəstəyə keçir. Dəstək isə enli halqa şəklində düzəldilmiş başlıqla tamamlanır.
Ermənilərin bizdən oğurldıqları qılıncın üzərinə diqqətlə baxdıqda “Aran” sözünün yazılmasını görmək olar. Aran, yaxud Arran antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgədir. Bu da bizə əsas verir deyək ki, Venesiyada saxlanılan qılınc məhz Qarabağ ərazisindən tapılb və ondan sonra Trabzona, ordan isə Venesiyaya aparılıb”.
Alimin sözlərinə görə, Azərbaycanda bürüncdən hazırlanan çoxsaylı eksponatlar bir çox dünya ölkələrində saxlanılır:
“Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan tapılan bürünc quş fiqurları və hazırda Parisin Luvr muzeyində saxlanılan Osman Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır.
Ermənilərin bizdən oğurladıqları bu qədim qılınc hazırda bu muzeydə erməni silahı kimi təbliğ edilir”.