Ermənilərin məhv etdiyi təbiət abidələrinin bərpası mümkün olmayacaq – Nazir müavini

Xəbər - Humay Ağacanova – Trend:

Təəssüflə bildirmək istərdik ki, ermənilər tərəfindən məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq.

AzerTimes-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə Ekologiya və Təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazirin müavininin sözlərinə görə, işğal dövründə Bəsitçay Dövlət Qoruğunun yarıdan çox hissəsində çinarlar məhv edilib, digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən ağır vəziyyətə salınıb:

“İşğal dövründə göl suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib. Aparılan tədqiqatların nəticəsi olaraq müəyyənləşdirilib ki, göldə qoruma altında olan qızılxallı balıq populyasiyası, demək olar ki, məhv olub”


V.Kərimov 1982-ci ildə regionda yaşı 120 ildən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-paleontoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürüldüyünü, lakin erməni işğalı dövründə bu təbiət abidələrinin uzun illər ciddi təsirlərə məruz qaldığını, qədim ağaclardan 131-nin kəsildiyini və izlərinin itirilməsi məqsədilə kök hissələrinin belə yandırıldığını diqqətə çatdırıb:

“Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Təəssüflə bildirmək istərdik ki, məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq”.

Teqlər: