Xəbər - İlhamə İsabalayeva – Trend:
Ermənilərin işğaldan azad edilmiş ərazilərimizdəki meşələrə vurduğu ziyanın aradan qaldırılmasını tezləşdirmək üçün orada əkin, toxum səpini və digər tədbirlər həyata keçiriləcək, amma qoruqlarda və milli parklarda bu tədbirləri həyata keçirmək mümkün olmayacaq.
Bunu AzerTimes-a açıqlmasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, qoruq və milli park ərazisində ağac əkmək konsepsiyaya uyğun deyil. Buna görə də qoruq və milli parklarda təbii bərpaya üstünlük veriləcək:
“Meşələrdə bərpa işləri – ağac əkmə, toxum səpmə işləri aparılacaq, bunda heç bir problem yoxdur. Amma qoruq və milli parklarda ağacəkmə onların qorunması statusuna uyğun gəlmir. Buna görə də qoruq və milli parklarda bərpa işlərini onların statuslarına uyğun olaraq, təbii bərpaya dəstək formasında – antropogen təsirlərin olmamasından ötəri əraziləri hasarlamaqla həyata keçirmək olar”.
V.Kərimov qeyd edib ki, qoruq və milli parklarda təbii bərpa uzun müddətli prosesdir. Burada bərpa işləri bir neçə il deyil, 10-20 illərlərlə gedəcək.
Ermənilərin işğal altında olan ərazilərdəki qoruqlarda ağacları kəsərək orada taxıl əkdiyini deyən V.Kərimov deyib ki, qoruqda heç bir təsərrüfat fəaliyyəti ola bilməz:
“Ermənilər genefondumuza elə bir ziyan vurublar ki, onun bərpası çox çətindir. Meşələrdə yaşıl örtük salınacaq, amma problem ondadır ki, 100 illik palıd meşəsinin olması üçün 100 il keçməlidir”.
V.Kərimov Azərbaycanın yüksək dağ meşələrində ən dominant növlərin palıd, fıstıq, göyrüş, Aşağı Tuqay meşələrində isə qovaq, söyüd, püstə, nar, saqqız ağacı və digər növlərin üstünlük təşkil etdiyini xatırladıb.