Ötən gün Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat təcavüzkarın özü üçün ağır nəticələrə səbəb olub.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib.
Bu obyektlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığı danılmaz faktdır. Sərhəddəki son hadisələr bunu bir daha göstərdi.
Nəzərə almaq lazımdır ki, bu obyektləri bərpa etmək üçün Ermənistana bir neçə il vaxt lazım ola bilər.
Azərbaycan təhlükəsizlik tədbirləri çərçivəsində həmin ərazidəki bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bu o deməkdir ki, Ermənistan nə indi, nə də gələcəkdə Azərbaycana hər hansı təhlükə törədə biləcək. Yəni Azərbaycan Ermənistanın son vaxtlar dəfələrlə törətdiyi təxribatlara cavab olaraq özünün təhlükəsizliyini təmin edib. Bu isə olduqca zəruridir, eyni zamanda beynəlxalq hüquq normalarına da uyğundur.
Bir sözlə, son təxribatlar Ermənistana baha başa gəldi, eyni zamanda İrəvanın təcavüzkar planları iflasa uğradı. Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda, yüzlərlə hərbçisi yaralanıb. Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır.
Baş verənlər Azərbaycan Ordusunun qüdrətini ortaya qoydu və Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha sübuta yetirdi. Müşahidələr göstərir ki, son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal əməliyyatı gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.