Hazırda ölkəmizin qarşısında dayanan ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Dövlətimiz bu istiqamətdə tədbirlərə başlayıb. Görülən işlər cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı ardıcıl olaraq həmin bölgələrə səfər edərək görülmüş işlərlə birbaşa tanış olur. Bu mənada, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına, Şuşa şəhərinə səfəri böyük önəm daşıyır.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, səfər zamanı dövlətimizin başçısı quruculuq işləri ilə bağlı yeni layihələrin təməlini atdı, həmçinin görülən və görüləcək işlərlə bağlı tapşırıqlarını verib. Eyni zamanda, cənab Prezident Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı və qeyd etdi ki, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Hadrutun azad edilməsi ilə Şuşanın da azad edilməsi üçün yeni imkan yarandı və rəşadətli ordumuz məhz bu istiqamətdə Şuşaya doğru irəlilədi. Məhz uğurlu hərbi strategiya qələbəmizin təməlində dayanır. Qəhrəman hərbçilərimiz düşmənin gözləmədiyi istiqamətdən, dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdi. Ona görə də, bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.
Millət vəkilinin fikrincə, Vətən müharibəsi Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib: “Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində ağır cinayətlər törədib. Bütün infrasturktur, sosial, iqtisadi, mədəni obyektlər, tarixi, dini abidələr tamamilə məhv edilib. Həmçinin, ekoloji cinayətlərin də miqyası çox böyükdür. Bu gün biz görürük ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə də qarşı düşmən münasibət sərgiləyib. Ermənilərin törətdiyi terror nəticəsində regionun ekologiyası üçün ciddi təhlükələr yaranıb. Ermənilərdən fərqli olaraq, Azərbaycan əsgərləri mülki şəxsləri hədəfə almayıb, yaşayış evlərini, mülki obyektləri dağıtmayıb. Eyni zamanda, ermənilər işğal etdiyi torpaqlarımızda tarixi və dini abidələri saxtalaşdırmağa və erməniləşdirməyə çalışıblar. Bu abidələr sırasında Alban abidələri də xüsusi yer tutur. Amma tarixi saxtalaşdırmaq olmaz.
Ermənilər həmin abidələrə öz dilləri ilə yazılar yazıblar ki, guya bu abidələrin onlara məxsus olduğunu göstərsinlər. Amma texnologiyaların inkişaf etdiyi bir dövrdə yaşayırıq və indi tarixi abidələri, yazıları yaşına qədər aşkar etmək mümkündür. Lazım olsa, beynəlxalq ekspertləri dəvət edərək müasir texnologiyalar vasitəsilə ermənilərin çirkin yalanlarını ifşa edəcəyik. Ermənilərin gerçək xislətini onları dəstəkləyən ölkələr görməlidir. Azərbaycanda yaşayan bütün xalqların dininə, tarixinə və mədəniyyətinə hər zaman hörmətlə yanaşılır və biz məscidlərimizlə birgə, düşmən tərəfindən dağıdılmış alban kilsələrini, tarixi abidələri də yenidən bərpa edəcəyik və beləliklə tarixi ədalət bərqərar olunacaq”.