Füzuli. Aslan Məmmədli -Trend:
Ermənistan işğal dövründə Füzulidə “Araz” qəzetinin redaksiyasını da məhv edib.
AzerTimes-ın Qarabağ bürosu işğaldan azad edilmiş Füzuliyə səfər edərkən redaksiya binasının dağıntılarını və qalıqlarını lentə alıb.
Çəkiliş qrupumuz daha sonra hazırda Füzuli rayonunun Horadiz qəsəbəsində fəaliyyət göstərən Tarix Diyarşünaslıq Müzeynində “Araz” qəzetinin arxivi ilə tanış olub.
Qeyd edilib ki, tezliklə “Araz” qəzetinin redaksiyasının bərpası nəzərdə tutulur. Əsası 1931-ci ildə Füzulidə qoyulmuş “Araz” qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub. Qəzetin 500-ə yaxın nüsxəsi hazırda Füzuli rayon tarix Diyarşünaslıq muzeyində qorunub, saxlanılır. Vaxtilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet “Araz” qəzeti olub.
Muzeyin şöbə müdiri Nailə Əsədli AzerTimes-ın Qarabağ bürosuna açıqlmasında bildirib ki, “Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır” devizi ilə çap edilən “Araz” qəzeti rayon mətbəəsində həftədə üç dəfə olmaqla 3500-4000 nüsxə tirajla çıxıb. Son illər isə qəzet “Qarabulaq”, daha sonra “Qayıdış” adı ilə dərc edilir.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da qəzetin gələcəyi ilə bağlı fikirlərini AzerTimes-ın Qarabağ bürosu ilə bölüşüb:
““Araz” qəzeti işğaldan əvvəl bölgədəki əsas media orqanı olub və bu il qəzetin 90 yaşı tamam olur. Qəzetin redaksiyası özü tarix mamarlıq abidəsi idi. Bu abidə də işğal zamanı ermənilər tərəfindən vandalizmə uğrayıb”.