Öncə şəhid olan polislərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Son günlərdə Ermənistanın təxribatları hədsiz dərəcədə artdı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə, Ermənistan ordusunun qalıqları və separatçıların silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalı idi, ancaq təəssüf ki, bu olmadı. Azərbaycan müstəqil dövlətdir, ona görə də öz ərazisində silahlı qrupların, terrorçuların mövcudluğuna göz yuma bilməz. Keçirilən lokal antiterror tədbiri basdan sonadək legitimdir, rəsmi Bakının buna tam haqqı var.
Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın Qarabağda başladığı antiterror tədbiri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Diplomat Türkiyənin bütün imkanları ilə sonadək Azərbaycanın yanında olduğunu vurğulayıb:
“Törədilən təxribatlar nəticəsində verdiyimiz şəhidlər, yaralılar Azərbaycana birbaşa antiterror tədbiri keçirmək hüququ verir. Xankəndi və ətrafındakı ərazilər Azərbaycanın suveren ərazisidir, orada erməni terrorçuların varlığı qəbuledilməzdir. Türkiyə bütün hallarda öz qardaşının, müttəfiqinin yanındadır və bu dəyişməyəcək. Şanlı Azərbaycan Ordusunun ən qısa zamanda və minimum itki ilə lokal antiterror tədbirini uğurla başa çatdırmasını arzu edirik. Ermənilərin yenə dünyada hay-küy salacağı, ağlaşma quracağı gözləniləndir. Ancaq Azərbaycan heç bir halda mülki infrastrukturu, dinc əhalini hədəfə almır. Bütün dünya da Azərbaycanın öz suveren ərazisində antiterror tədbiri apardığını görməli və bunu belə qəbul etməlidir. Qəzamız mübarək olsun.
Zəfər sənindir, Şanlı Azərbaycan Ordusu!”