Fevralın 15-də Azərbaycanın XİN rəhbəri Bayramovla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Donfrid arasında telefon danışığı olub. Regiondakı mövcud vəziyyət və Bakı-İrəvan sülh müqaviləsi üzrə danışıqların perspektivləri müzakirə edilib. Ertəsi gün isə Paşinyan Azərbaycanla sülh müqaviləsinə dair təkliflərini Bakıya təqdim edib. O, belə bir sənədin imzalanmasına görə məsuliyyət daşımağa hazır olduğunu xüsusilə vurğulayıb.
AzerTimes xəbər verir ki, Paşinyanın “imzaya görə məsuliyyət daşımağa hazıram” ifadəsi Ermənistanda ciddi gərginlik yaradıb.
Erməni mediası hesab edir ki, Paşinyanın belə bəyanatları sazişin Azərbaycan üçün faydalı olmasına “dəlalət edir”.
Bakı və İrəvanın sülh sazişinə dair sənəd mübadiləsi, eləcə də ictimaiyyətə açıqlanmayan təklifləri Ermənistanda “şərh dalğası” yaradıb. Demək olar ki, hər kəs bu təkliflərin nə olduğunu bilmək istəyir, müxtəlif fikirlər səsləndirir. Mirzoyanın bu yaxınlarda səfərdə olduğu rəsmi Ankaranın da İrəvanın təkliflərinin məzmunundan xəbərdar olması Ermənistanda Bakının xeyrinə imzalanacaq sənədə dair şərh və ehtimal “dozasını” artırır.
Erməni politoloqlar bildirirlər ki, sülh müqaviləsi Paşinyanla Əliyev arasında Praqa razılaşmalarına əsaslanacaq. Yəni, tərəflər bir-birinin ərazi bütövlüyünü Almatı Bəyannaməsi əsasında tanıyacaq:
“Almatı Bəyannaməsində de-fakto göstərilirdi ki, SSRİ-nin dağılmasından sonra yaranmış müstəqil respublikalar arasında sərhədlər keçmiş sovet respublikalarının inzibati sərhədləridir. Beləliklə, Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınır, İrəvan bunu tanımağa və müvafiq sənədi rəsmən imzalamağa hazırdır. Bu, təəccüblü deyil. Paşinyan komandası dəfələrlə, açıq mətnlə bildiriblər ki, onlar üçün əsas Ermənistanın təhlükəsizliyidir. Bu məqsədlə də Qarabağın müqəddəratını təyinetmə hüququna dəstəkdən imtina etmək lazımdır”.
Erməni mətbuatı İrəvanın illərdir təkidlə irəli sürdüyü “xalqların öz müqəddəratını təyinetmə hüququ”nun iflasa uğradığını və Qarabağın statusunun müzakirəyə belə açıq olmadğını vurğulayır.
Yeri gəlmişkən, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin bu yaxınlarda verdiyi bəyanatına diqqət edək:
“Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.
Deməli, əgər sülh müqaviləsində qeyd edilsə ki, Qarabağın erməni əhalisinin hüquqları ilə bağlı məsələlər Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin olunacaq, onda nə baş verəcək? İrəvan belə bir müddəadan ibarət sənədə imza atıb, Azərbaycan Konstitusiyasının Qarabağ üçün əsas qanun olduğunu mütləq şəkildə tanıyacaq.
Hadisələrin gedişatı növbəti sualı, yəni sülh müqaviləsinin harada imzalanacağını müzakirəyə çıxarır. Ankara, Tiflis yoxsa Brüssel?