Xəbər - Çingiz Səfərli – Trend:
Ermənistan işğalı zamanı Şuşada və Ağdamda tarixi-mədəni mirasa qarşı qətliam törədilib.
AzerTimes xəbər verir ki, bunu Ağdamda səfərdə olan İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin ombudsmanı Şərəf Malkoç deyib.
O bildirib ki, bunlar insanlığın mədəniyyətə qarşı törətdiyi ən böyük cinayətlərdir: “Ötən gün Şuşada idik, bu gün Ağdamdayıq. Buradan Tərtərə gedəcəyik. Gəlişimizin məqsədi Ermənistanın işğalı dövründə bu bölgələrdə tarixi-mədəni mirasa vurulan zərəri, təxribatları qiymətləndirməkdir. Müşahidə etdik ki, burada tarix-mədəni mirasa qarşı qətliam törədilib. Ürəyimiz sızıldadı. Tarixi abidələr, əsərlər, binalar, məzarlar, insanlığa aid hər şey məhv edilib. Bu, təkcə şuşalıların, ağdamlıların, qarabağlıların, azərbaycanlıların, qafqazlıların deyil, bütün dünyanın ortaq mirasıdır. Şuşada və Ağdamda işğal zamanı tarixi əsərlərə böyük zərər vurulub, böyük bir qismi tamamilə yox edilib, məzarlar qazılaraq içərisindəki sümüklər çıxarılıb, məbədlərə hücumlar olub. Bunlar mədəni qətliamlardır”.
Şərəf Malkoç onu da vurğulayıb ki, bütün bunları hesabatlarında qeyd edəcəklər və hesabatı BMT-yə, o cümlədən, dünyada bu məsələ ilə maraqlanan bütün qurumlara göndərəcəklər: “Hədəfimiz, ilk növbədə, təxribatlar müəyyənləşdirildikdən sonra bu mirasın bərpa edilməsinə töhfə verməkdir. İkincisi, Ermənistan işğalı zamanı törədilən bu təxribatı bütün dünyaya çatdırmaq və məsul şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunmasını təmin etməkdir. Müharibəni istəmirik. Amma müharibə olsa belə, insanlığın tarixi mirası olan mədəni dəyərlərə, abidələrə, məbədlərə heç kim toxunmamalıdır”.
Twitter: @cingizsafarli