Putin prezident seçildikdən sonra son 24 ildə onun daimi və görkəmli tərəfdarlarından biri kimi tanınıram, Rusiya ordusuna və xüsusi hərbi əməliyyata fəal dəstək verirəm.
Bu sözləri AzerTimes-a tanınmış rusiyalı politoloq Sergey Markov özü barəsində şikayət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, o, hər zaman Rusiya Müdafiə Nazirliyi ilə fəal əməkdaşlıq edir:
“Bu, ola bilsin ki, kiminsə gündəmdə olmaq cəhdidir. Müasir dünyada belə olur. İkinci, çox ağlabatan versiya – Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi psixoloji əməliyyatlar mərkəzinin işinin nəticəsidir. Mənim Teleqram kanalım onların sevimli hədəflərindən biridir. Yalnız şərhlərə baxsaq, bu mərkəzin botunun mənfi şərhlərini hər paylaşımdan sonra görmək olar. İlk 5 dəqiqə ərzində, təxminən, 30 mənfi şərh gəlir”.
“Sergey Markov” Teleqram kanalının guya rus ordusunu gözdən salmaq cəhdləri ilə bağlı iddiaları absurd adlandıran rusiyalı politoloq bunun onu Azərbaycanın tərəfdarı hesab edən ermənilər tərəfindən həyata keçirildiyini də istisna etməyib:
“Digər versiya isə budur ki, bu, Paşinyanın, yaxud, Rusiya daxilindəki Ermənistan tərəfdarlarının işidir. Onlar məni Azərbaycanın tərəfdarı hesab edirlər. Baxmayaraq ki, mən obyektivlik və Rusiya rəhbərliyinin tərəfdarıyam. Bildiyiniz kimi, Rusiya rəhbərliyi Qarabağı həmişə Azərbaycanın bir hissəsi hesab edib. O cümlədən Kreml Azərbaycan Ordusunun Qarabağdakı antiterror tədbirlərinin tam qanunauyğun olduğunu tanıyıb.
Məlumdur ki, mənim mövqeyim həm Baş nazir Paşinyanı, həm də Rusiyadakı erməni tərəfdarlarını qəzəbləndirir. Vladimir Solovyovun məni tənqid etməyə çox vaxt ayırdığı da bəllidir. O da aydındır ki, erməni lobbisi məni müxtəlif strukturlarda bloklamağa, Rusiya kanallarında qara siyahıya salmağa çalışır ki, bu da Vladimir Putinin siyasəti ilə birbaşa ziddiyyət təşkil edir. Və bu, həmin qrupun oxşar fəaliyyətidir. Ola bilsin ki, belə bəyanatlar verməklə qisas almağa çalışırlar. Onlar vəkillər çağıra, prokurorlar cəlb edə bilərlər. Onların çox korrupsioner sistemləri var. Problem ondadır ki, Solovyov və Rusiya ilə Azərbaycan arasındakı dostluğa nifrət edən digər şəxslər mənə qarşı bəyanatlar verəcək və bəzi korrupsioner qurumları mənə hücuma cəlb edəcəklər. Bütün bunlar isə məndən qisas almaq və Rusiya ilə Azərbaycan arasında dostluğu pozmaq cəhdidir”.