Ermənilər mədəni irsimizə və tariximizə qarşı da terror törədiblər – Deputat

Ermənilər təkcə Azərbaycan xalqına deyil, mədəniyyətimizə,
mədəni irsimizə və tariximizə qarşı da terror törədiblər.
Torpaqlarımızı 30 ilə qədər müddət ərzində işğal altında saxladığı
müddətdə, mədəniyyət və tarixi abidələrimizi məhv ediblər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın
tarixi Zəfəri nəticəsində torpaqlarımız işğaldan azad edildi.

“İşğaldan azad edildikdən sonra həmin ərazilərin monitorinqi
ermənilərin mədəniyyətimizə də qarşı necə vəhşiliklər törətdiyini
bir daha üzə çıxardı.

Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan
ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292
ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli
əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental
və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və
mədəniyyət abidələri olub. Ermənilər bütün bu abidələri məhv
edib.

Həmçinin işğal altında olmuş Azərbaycan torpaqlarında təsbit
olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid,
144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf
rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman
məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12,
Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən
dağıdılaraq yararsız hala salınıb.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin
bombardmanı zamanı yerlə-yeksan edilib. Bununla kifayətlənməyən
erməni vandalları muzeylər və maddi-mədəni sərvətlərimizi talan
ediblər. Dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13
minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli
və nadir eksponatı Ermənistana daşınıb və müxtəlif ölkələrdə baha
qiymətə satılıb”, – deyə deputat bildirib.

Deputat bildirib ki, təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət
bu mədəni vandalizmə indiyə qədər səssiz qalır. “Azərbaycan 30 il
ərzində nə qədər çalışsa da UNESCO ermənilərin bu vandalizmini
qiymətləndirməkdən, həmin ərazilərdə monitorinq aparmaqdan imtina
edib. Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdə sonra
beynəlxalq təşkilatlar fəallaşmağa başlayıb, ermənilərin hansısa
saxta iddiaları əsasında aktivlik nümayiş etdirirlər. Bu,
beynəlxalq təşkilatlar tərəfindən sərgilənin ikili standartların
bariz nümunəsidir.

Lakin Azərbaycan dövləti öz mədəniyyətinə, mədəni irsinə də
sahib çıxmağı bacarır və dağıdılan mədəni irsimizin bərpa edilməsi
istiqamətində lazımı işlər görülür. İşğaldan azad edilən
ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işləri mədəni
irsimisi, mədəni və tarixi dini abidələrimizi də əhatə edir”, –
deyə A.Həsənova əlavə edib.

Teqlər: