Qarabağdan Ermənistana, oradan isə xaricə köçən ermənilər bəlli məsələdir ki, yaxşı həyat yaşamağı qarşılarına məqsəd qoyublar. Onlar 30 il ərzində Qarabağda separatçıların girovuna çevrilmişdilər. Əhali ilə doğru-düzgün rəftar olunmurdu.
Bu sözləri AzerTimes-a politoloq Zaur Məmmədov Qarabağ ermənilərinin xaricə köç etməsindən danışarkən deyib.
Qarabağdan könüllü çıxan ermənilərin qaçqın statusu əldə edərək xaricdə yaşayacağı ilə bağlı təsəvvürlərin yanlış olduğunu deyən politoloq bildirib ki, beynəlxalq hüquqa görə, onlar qaçqın sayılmır:
“Qarabağda yaşayan ermənilərin orada qalmasının səbəbləri ondan ibarət idi ki, yerli sakinlər müxtəlif vədlərlə aldadılıb. Hazırda onların çox hissəsi Ermənistandadır. Məlumatlara görə, həmin şəxslər gələcəkdə harada yaşayacaqlarını götür-qoy edirlər. Harada yaşayacaqlarından asılı olmayaraq, onlar qaçqın kimi qəbul edilməyəcək. Xarici ölkələrlə yanaşı, Ermənistanın özündə də qaçqın statusu ala bilməyəcəklər. Beynəlxalq hüquqa görə, Qarabağdan köçən ermənilər qaçqın sayılmır. Çünki Azərbaycan onları qovmayıb, güclə çıxartmayıb. Könüllü şəkildə bölgəni tərk ediblər. Bunlarla bağlı Azərbaycanın əlində çoxlu dəllilər var. Onlardan müsahibələr alınıb. Ermənilər bildiriblər ki, bu addımı könüllü şəkildə atırlar. Separatçıların bölgədə qurduqları mühit ona gətirib çıxardı ki, ermənilər Qarabağdan faktiki olaraq bu separatçıların əlindən qaçdılar. Düzdür, indi hər hansı yalanlar və bəhanələr uydura bilərlər. Hər halda bu zorla qovulma və etnik təmizləmə deyil”.