Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ərazilərimizi işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində erməni vandalları hər yerdə olduğu kimi, Qubadlıda da salamat bir yer qoymayıblar, Qubadlını viran ediblər. Ermənilər o ərazilərin onlara məxsus olmadığını və torpağın sahiblərinin geri qayıdacaqlarını bildirkləri üçün ərazilərimizi bu cür xarabalığa çeviriblər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu dağıntılar erməni vəhşiliyinin bir təzahürüdür: “Onlar xalqımıza qarşı, şəhər və kəndlərimizə qarşı, infrastrukturumuza, ekologiyamıza qarşı çox böyük vəhşilik nümayiş etdiriblər. Cənab Prezident Qubadlının işğaldan azad olunmasının bir illiyi münasibətilə Qubadlıya səfəri zamanı erməni vəhşiliyini bir daha dilə gətirdi və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Cənab Prezident hər dəfə işğaldan azad olunan rayonlara səfər edərkən ermənilərin həmin rayonda törətdiyi vəhşilikləri bir daha ifşa edir”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi: “İşğaldan azad edildikdən sonra ermənilərin ərazilərimizdə hansı vəhşiliklər törətdiyinin bir daha şahidi olduq. İşğaldan azad olunduqdan sonra həmin ərazilərdə sürətli bərpa işlərinə başlanıldı. Cənab Prezident İlham Əliyevin hər dəfə azad olunmuş rayonlara səfəri zamanı bütün dünya həyata keçirilən nəhəng bərpa və yenidənqurma işlərinin şahidi olur. Bu da öz növbəsində Azərbaycanın gücünün göstəricisidir”.

Teqlər: