Bugünkü Ermənistan Respublikasının Ararat mərzində, tarixi Azərbaycan torpaqlarının bir hissəsində yerləşən kəndlərimizindən biri də Xalisə kəndidir. İstər Qərb, istərsə də Rusiyanın arxiv sənədlərində Xalisə kəndinin etnik tərkibinin 1918-1920-ci illərədək yalnız azərbaycanlılardan ibarət olduğunu görə bilərik.
AzerTimes xəbər verir ki, bu barədə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tarixçi Səbuhi Hüseynov qeyd edib.
Tarixçi bildirib ki, ermənilərin kəndə XX əsrin 20-ci illərindən yerləşdirilməsinə başlanılıb:
“1928-ci ildə yerləşdirilən erməni ailələri (Muradyanlar) Hələbdən gətirilmişdi. Bundan sonra onlar azərbaycanlılarla birlikdə yaşamağa başladılar. 1953-cü ildə Xalisə kəndinin azərbaycanlılarının bir hissəsi, daha dəqiq 249 nəfər azərbaycanlı Azərbaycan SSR-in Jdanov rayonuna (indiki Beyləqan rayonu) deportasiya edilir. Nəhayət, yerli əhali olan azərbaycanlılar 1988-ci ildə doğma kəndlərindən zorla çıxarılır və kəndin adı ermənilər tərəfindən 1991-ci ildə Noyakert olaraq dəyişdirilir. Aşağıdakı sənəd Ermənistanın Tarix Arxivində saxlanılır. Sənədin yuxarıdan solda olan hissəsinə və üzərində qeyd edilmiş dərkənara diqqət edək. Hər iki yazı Azərbaycan dilindədir. Sənəd Xalisə kəndinə göndərilən xaricdən gətirilən ermənilərin yerləşdirilməsi haqqındadır.
Sənədin bizə verdiyi ən əsas məlumat ondan ibarətdir ki, Xalisə kəndi Ermənistan SSR-in ərazisində olsa belə, hətta 1928-ci ildə rəsmi blankında Azərbaycan dilində də yazısı (“…Vedibasar nahiyəsinin Xalisə kənd şurası”) vardı və dərkənarları Azərbaycan dilində (o zaman türk dilində) yazırdılar”.