Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər – Hərbi ekspert

Xəbər - Fərid Zöhrabov -Trend:

Terrorçu ermənistan dövlətinin hərbçiləri keçən il oktyabrın 27-də Bərdənin Qara Yusifli kəndinə düşən raket biri azyaşlı olmaqla beş nəfərin ölümünə, 14 nəfərin də yaralanmasına səbəb olub.

Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev bildirib ki, Azərbyacan Ordusunun əks-hücum əməliyyatları nəticəsində ermənilər məğlubiyyətə uğrayırdı. Düşmən cəbhədə məğlubiyyətə uğradıqca daha da azğınlaşırdı. Erməni vandalları döyüş meydanında məğlubiyyətin qisasını mülki əhalidən çıxmağa çalışırdı:

“Düşmənin əsas məqsədi mülki əhali arasında tələfata səbəb olmaq və təşviş yaratmaq idi. Düşünürdülər ki, insanların arasında xaos yaranacaq və bununla üzləşdikləri məğlub durumdan çıxacaqlar. Təbii ki, ermənilər öz istəklərinə çatmadı. Azərbaycan xalqının birliyi buna imkan vermədi. Bu fakt onu göstərir ki, Azərbaycan xalqı müharibəyə mənəvi, psixoloji hazır idi.”

Hərbi ekspert qeyd edib ki, müharibənin ilk günlərinə nəzər salsaq Azərbaycan Silahlı Qüvvəllərinin üstünlüklərindən biri də, düşmənin hava hücumundan müdafiə qüvvəllərinin, kəşfiyyat üçün radar sistemlərinin məhv olunması idi. Bununla da düşmən hava hücumundan üstünlüyü itirməklə yanaşı, uzaqvuran raket-artilleriya vasitələri də “kor” vəziyyətə gətirilmişdi. Düşmən bu vasitələri ordumuza qarşı istifadə edə bilməməklərini görüb mülki əhalimizi hədəf alırdılar. Bununla da ermənilər hərb cinayətlərə imza atırdılar. Bərdə şəhəri və kəndlərinin düşmənin raket atəşinə məruz qalması birmənalı olaraq terror aktı idi.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-i, saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər 50 yaşlı Cəfərova Ofeliya Məcid qızı, 61 yaşlı Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı, 40 yaşlı İsmayılov Ehtiram Xəlil oğlu, 49 yaşlı Əliyeva Almaz Saleh qızı həyatını itirib.

Teqlər: