Ermənilər Azərbaycan mediasını tora saldı

Ermənilər Azərbaycan mediasını tora saldı

Ermənilər çox hiyləgər, olduqca məkrli informasiya savaşı aparırlar və təəssüflər olsun ki, Azərbaycan mediası da bu məkrin “realizasiyası” ilə məşğuldur.

Söhbət Laçın şəhəri və Sus-Zabux kəndlərinin boşaldılması ilə bağlı erməni tərəfinin apardığı media təbliğatındakı “inci” nüansdan gedir.

Bir neçə gün öncə erməni “icmasının” rəhbərinə istinadla erməni mediası yazdı ki, guya Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçu qruplaşmanın lideri Araik Arutyunyan Moskvada Azərbaycanın 2 rəsmisi ilə görüşüb və gizli danışıqlarda Araik Laçın şəhəri və iki kəndin boşaldılmasına “razılıq” verib. Guya Azərbaycan rəsmiləri 5 avqusta qədər prosesi yekunlaşdırmağı tələb edib, Araik isə 25 avqusta qədər vaxt alıb.

Bunun ardınca isə rus sülhməramlıların himayəsində ayaqda qalmağa çalışan separatçı-terrorçuların “təhlükəsizlik şurası” katibi Vitali Balasanyanın Zabux və Laçına “səfər” etdiyi, burda azərbaycanlı generallarla görüşdüyü, onlara boşaldılacaq evləri göstərdiyi, evlərin yandırılmayacağına zəmanət verdiyi iddia edildi.

İşin ən diqqətçəkən tərəfi də odur ki, Balasanyan azərbaycanlı generallarla görüşdüyünü dolayısı ilə erməni mediasına təsdiqləyir, Azərbaycan mediası isə bunu tam-tamına tirajlamağa girişir – “qələbə” kimi.

Azərbaycanı Ukrayna ilə müqayisə edənlər hər zaman Heydər Əliyevin 90-cı illərdə misilsiz bir siyasi gedişlə, bütün dünyanın təzyiqlərinə sinə gərərək, Qarabağdakı separatçıların tərəf kimi danışıqlar masasında tanınmamasına imkan verməməsini Azərbaycanın ərazi bütövlüyündə müstəsna rol oynadığını bildirirlər. Yada salın: Ukrayna ilə bağlı Minsk razılaşmalarında “dxr” və “lxr” tərəf idi, Ukrayna Rusiyanın vasitəçiliyi ilə bu iki “qurumla” müqavilə imzalamışdı. Rusiya da məhz bu müqavilələrin icrasını tələb edirdi.

Heydər Əliyev 1994-cü ildə atəşkəsi də Ermənistanla imzaladı, ondan sonrakı bütün danışıqları da Ermənistanla apardı: heç bir halda Qarabağın “erməni icmasının” belə danışıqlarda tərəf kimi iştirakına imkan vermədi. Dünyanın ən aparıcı ölkələri bununla bağlı təzyiqlər edərkən Heydər Əliyev bircə addım belə geri qoymadı – “Qarabağı Ermənistan işğal edib, tərəf də Ermənistandır, Qarabağdakı hansısa separatçı yox!”

Azərbaycanın mövqeyi budur və indiki hərbi-siyasi qələbənin özülündə də bu fakt dayanır.

Ancaq indi guya hansısa Araik Moskvada “Azərbaycanın iki məmuru ilə görüşür, Laçın və iki kəndin boşaldılmasını müzakirə edir”, yaxud hansısa Balasanyan azərbaycanlı generallara Laçındakı “boşaldılacaq evləri” göstərir və onların yandırılmayacağına zəmanət verir – sonra da tülkü Balasanyan guya ondan xəbərsiz mediada yayılan bu məlumatı təsdiqləyir.

Araik kimdir ki, Azərbaycanın iki rəsmisi onunla Moskvada görüşüb Laçının və digər iki kəndin boşaldılmasını müzakirə etsin? Laçın şəhəri və Laçın yolunun boşaldılması 10 noyabr 2020-ci il bəyanatında dəqiqliyi ilə göstərilib. Bu bəyanatın altında isə Nikol Paşinyanın imzası var – Rusiyanın zəmanəti ilə. İndi Azərbaycan rəsmiləri nə deyib separatçı-terrorçu ilə görüşməlidir? Araik kimi terrorçubaşı ilə Azərbaycan rəsmisi bir masada oturub, Laçını müzakirə edə bilərmi?

Görün nə qədər primitiv düşünülmüş bir yalandır: “Balasanyan boşaldılacaq evləri azərbaycanlı generallara göstərib”.

Laçında boşaldılmayacaq evlər də var? Laçın şəhəri, Sus və Zabux 10 noyabr bəyanatına əsasən Ordumuzun nəzarətinə keçməlidir və Azərbaycan Prezidenti bunu ən yüksək səviyyədə elan və tələb edib. İndi Balasanyan gəlir və azərbaycanlı generallara deyir ki, Laçında “bax, bu-bu evlər boşaldılacaq, o-o evlər isə yox”? Bu nə məntiqdir? Azərbaycanlı generalların Laçın şəhərində “boşaldılacaq evlərə” baxması hansı məntiqlə ortaya atılıb və ümumiyyətlə, Balasanyan haranın… “nəyidir” ki, Azərbaycan qalib və şərəfli generalı onunla müzakirə aparsın?

Erməni mediası hələ azərbaycanlı həmkarlarını tələyə salmaq üçün kampaniya da başladıb: Araiki və Vitalini “satqın”, “Azərbaycana işləyən rəhbərlər” və s. adlandırır və biz də bunu pəhəpəhlə tirajlayırıq.

Arutyunyan haqda da, Balasanyan haqda da Azərbaycan Baş Prokurorluğunda cinayət işi qaldırılıb, Azərbaycan ərazisində separatçılıqla məşğul olan şəxslərin hər biri Azərbaycan qanunları ilə mühakimə olunmalıdır. Azərbaycan generalları və rəsmiləri Arutyunyanla, Balasanyanla heç bir müzakirə apara bilməz və aparmır!

Bəlkə də Azərbaycan generalları Laçın şəhərinə təhvil öncəsi baxmaq üçün gedib; bəlkə də rus sülhməramlı kontingenti ilə evlərə baxış keçirib və bəlkə də həmin zaman rus sülhməramlıların yanında “sandıqtulası qismində” Balasanyan da olub. Ancaq bu, Azərbaycan generallarının Balasanyanla görüşməsi demək deyil və ola da bilməz!

Ermənistan 30 ildir Qarabağdakı separatçıları tərəf kimi təqdim etməyə, heç olmasa, azərbaycanlılarla masa arxasında nəyisə müzakirə edən kimi göstərməyə çalışır və sabah da bütün dünyaya car çəkəcəklər ki, Azərbaycan Xankəndidəki separatçılarla dəfələrlə görüşüb, danışıqlar aparıb, indi də oturub, “münaqişənin nizamlanmasını” birgə müzakirə etsinlər.

Paşinyanın da arzusu budur: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ancaq Qarabağın buna aidiyyəti yoxdur – eynilə 2007-ci ildə Robert Köçəryan da ATƏT-də bu cür çıxış etmişdi, tam-tamına. Bildirmişdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ancaq “Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibində heç zaman olmayıb”.

İndi də bu Ermənistan separatçı ünsürləri Azərbaycanla danışıqlar masasına dartmaq üçün min hiylə qurur.

Bunun fəsadları mütləq olacaq. Mediamız informasiya təxribatlarına çox açıqdır, təəssüf ki!

Bu məqamda rəsmi qurumların susması çox narahatedicidir.

Ötən gün Baş Prokurorluqda gözəl bir tədbir keçirildi – mediada, sosial şəbəkələrdə milli maraqlara uyğun olmayan hallarla bağlı.

Üç gündür bu təbliğat aparılır – o boyda tədbir keçirməkdənsə, Baş Prokurorluq rəsmi açıqlama yayardı, Araik və digərlərinin cinayət araşdırmasında olduğunu və Azərbaycanın cinayətkarlarla heç bir danışıq aparmadığını göstərər və mediaya məhz bu kontekstdə xəbərdarlıq edərdi.

Əlbəttə ki, MN də öz mövqeyini bildirsə, gözəl olar!

Teqlər: