Ermənilər ayağımı amputasiya etdilər – 35 gün əsirlikdə qalan kursant (Trend TV-nin reportajı)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Heç nəyə görə peşman deyiləm, özümlə və döyüş yoldaşlarımla fəxr edirəm”.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı, erməni əsirliyindən qayıdan qazi Mobil Əhmədzadə deyib. Kursantın sözlərinə görə, o təhsilini yarımçıq buraxaraq sentyabrın 28-də Vətən müharibəsinə qoşulub:

“2014-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub, 2017-ci ildə oranı bitirmişəm. Təhsilimi daha sonra Ali Hərbi Məktəbdə davam etdirdim. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsinə kiçik leytenant kimi yollandım. Tağım komandiri vəzifəsində bir çox ərazilərdə tapşırıqları icra etdim. Noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində ağır yaralanaraq 5 gün meşədə tək qaldım. Sonra özümdə olmadığım üçün düşmən tərəfindən əsir götürüldüm. Ümumilikdə 35 gün əsirlikdə oldum. Məni 4 gün reanimasiyada saxladılar, orada olduğum müddətdə ayağımı amputasiya etdilər, qalan günləri isə həbsxanada keçirtdim. Həbsxanada olduğum müddətdə ermənilər tərəfindən işgəncə görmüşəm. Dekabr ayının 14-də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində əsirlikdən azad edilərək Azərbaycana gətirilmişəm”.

M.Əhmədzadə bildirib ki, döyüş meydanında Ali Hərbi Məktəbdə öyrəndiyi biliklər sayəsində uğurlu nəticələr əldə edib:


“Burada olan müəllim-mütəxəssis heyəti bizə hərbinin incəliklərini öyrədib. Öyrəndiklərimiz sayəsində biz artıq döyüşün necə olacağını bilirdik. Biz hər şeyə görə burada olan rəhbərliyə, müəllim və zabit heyətinə borcluyuq. Kursant yoldaşlarımdan beş nəfəri şəhidlik zirvəsinə ucalıb. Mən də onlarla eyni döyüşlərdə iştirak etmişəm, ağır yaralanmışam, onlar isə qəhrmancasına şəhid olublar”.

Teqlər: