Xəbər - Çingiz Səfərli – Trend:
Ermənilər təkcə tranzit çayları deyil, eyni zamanda 30 ilə yaxın işğal dövründə daxili çaylarımızı da çirkləndirib.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib.
O, ölkə ərazisində yerüstü suların keyfiyyətinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparıldığını bildirib: “Çaylardan götürülən nümunələr laboratoriyalarda analiz edilir. Hazırda çaylarımızda əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik yoxdur. Fəsillər üzrə vəziyyət fərqli olur. Məsələn, yay mövsümündə suyun azalması səbəbindən çaya atılan tullantıların təsiri yüksək olursa, bolsulu dövrlərdə bu təsirlər azalır”.
Qurum rəsmisinin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə də monitorinq sistemi bərpa edilib və transsərhəd çaylardakı vəziyyət də daim yoxlanılır: “Oxçuçay kimi Ermənistan ərazisindən axan çaylarımız daha çox çirklənməyə məruz qalır. Qeyd edilən konsentrasiyalar həmin çaylarda daha yüksəkdir. Biz Ermənistan mənbələri ilə də tanış olmuşuq. Onların müxtəlif hesabatlarında qeyd olunur ki, bu çay oradakı zavodlar tərəfindən o qədər çirkləndirilib ki, artıq suvarma üçün də yararsızdır. Bu, çox ağır və xoşagəlməz haldır. Suda zərərli maddələrin çox olması insan sağlamlığı üçün ciddi təhlükədir. Azərbaycan bu istiqamətdə tədbirlər həyata keçirir. Biz müxtəlif beynəxlalq qurumlar qarşısında məsələ qaldırırıq ki, Ermənistan bu fəaliyyətlərini dayandırsın. Problem beynəlxalq hesabatlara salınır, su ilə bağlı müxtəlif layihələrdə vurğulanır. Hazırda Azərbaycan, Gürcüstan və Ermənistanda müxtəlif beynəlxalq qurumlar suyun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirirlər. Zənnimcə, onlar Ermənistanda apardıqları işlərdə suyun keyfiyyətinin təmin edilməsini tələb edirlər. Bu baxımdan, həmin layihələrin bu işə təsiri ola bilər”.
R.Verdiyev əlavə edib ki, Ermənistanın zavod, mədən sənayesi olan ərazilərindən axan çaylarda suyun keyfiyyət göstəricisi çox aşağıdır: “Həmçinin, apardığımız monitorinqlər zamanı görürük ki, işağaldan azad olunmuş ərazilərdəki yerli çaylarda da çirklilik normadan yüksək olur. Bu, əlbəttə ki, uzun illər təbii resurslardan səmərəsiz istifadə edilməsi və zərərli maddələrin, tullantıların çaylara axıdılması ilə bağlıdır. Həmin ərazilərdə yeni layihələrin icrası bizə çaylarımızın ekoloji vəziyyətini yaxşılaşdırmağa imkan yaradacaq. Hesab edirəm ki, zamanla həmin çayların işğaldan əvvəlki vəziyyətinə qaytarılmasına, lazımi standartlara cavab verməsinə nail olacağıq”.
Twitter: @cingizsafarli