Rusiyanın məşhur aparıcısı Vladimir Solovyovun verilişində növbəti cəfəng iddia səsləndirilib.
AzerTimes xəbər verir ki, bu dəfə verilişin qonağı olan erməni əsilli ekspert Semyon Baqdasarov Türkiyəyə qarşı çağırış edib.
O bildirib ki, hazırda Türkiyə zəlzələ səbəbindən çətin vəziyyətdədir və gəlin, bundan istifadə edək:
“Onu Orta Asiyadan çıxaraq, Ukraynaya müdaxiləsinə son qoyaq, Cənubi Qafqazdan qovaq və Türkiyəyə bəlli qüvvələr yeridərək, tarixən bizə məxsus olan ərazini – İstanbulu (Konstantinopolu) qaytaraq. Müqəddəs Aya Sofyanın üzərində xaçkar qoyaq”.
Baqdasarov “fikrini” belə əsaslandırıb ki, onlar (türklər) Rusiyanın cənubunun və Sibirin özlərinə aid olduğunu bildirirlərsə, biz niyə İstanbula iddia etməməliyik?
Solovyovun qol-qanad verdiyi erməni Baqdasarov bir az da irəli gedərək, “türok”larla “türklərin” eyni olmadığını da bildirib:
“Türklərlə yakutlar, qırğızlar, qazaxlar arasında ümumi heç nə yoxdur”.
Qeyd edək ki, Baqdasarovun səs tonundan istifadəsi və ifadə tərzi Solovyovun ondan növbəti Jirinovski düzəltmək istədiyinə şübhə yeri qoymur. Onun sanki kadra düşməyən Solovyovun şovinist çubuğu ilə idarə olunduğu təəssüratı da yaranır.