Erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən tədbir keçirilib (FOTO)

2022-ci il 22 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 23 Aprel –
“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim
mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir və ya azərbaycan torpaqlarına hay-erməni
iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar
keçirilib.

UNESCO-nun Baş konfransının 1995-ci il 25 oktyabr – 16 noyabr
tarixlərində Paris şəhərində keçirilən 28-ci sessiyasında qəbul
edilmiş Qərara əsasən, 23 aprel Ümumdünya Kitab və Müəlliflik
Hüququ Günü kimi təsis edilib və hər ilin 23 aprel tarixində bütün
dünyada təntənəli şəkildə qeyd olunur.

Belə ki, 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü
ölkəmizdə 1997-ci ildən başlayaraq təntənəli şəkildə qeyd olunur.
Bununla əlaqədar, hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən
silsilə tədbirlər, o cümlədən milli və beynəlxalq konfranslar
təşkil olunur, müəlliflər və hüquq sahibləri ilə görüşlər
keçirilir, müəlliflik hüququna hörmətin aşılanması məqsədilə kitab
sərgiləri təşkil olunur, belə sərgilərdə görkəmli müəlliflərin
əsərləri, eləcə də Agentliyin nəşr etdirdiyi müxtəlif materiallar
nümayiş etdirilir.

Son illər ənənəvi olaraq, ölkəmizdə Ümumdünya Kitab və
Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar “Qədim mətnlər və
klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” devizi
altında keçirilmişdir. Görkəmli alimlərin, mütəxəssislərin
qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr, faktlar
əsasında erməni saxtakarlıqları və plagiatı ifşa edilir.

Erməni saxtakarlıqlarının və plagiatının ifşa edilməsi
Agentliyin fəaliyyətində həmişə prioritet istiqamət kimi
saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin,
ənənəvi mədəni (folklor) nümunələrin, ənənəvi biliklərinin və digər
qeyri-maddi mədəni irs nümunələrinin əsrlər boyu ermənilər
tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni
nümunələri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq
tədbirlər görülür.

Cari ilin 22 aprel tarixində də Əqli Mülkiyyət Agentliyi və
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və
Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik
mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir
və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam
etdirilməsi haqqında” mövzusunda konfrans-vebinar keçirilib.

Tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən,
ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən
istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu
xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsinə
və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və
erməni mifologiyasının ifşa edilməsidir.

Vebinarda Azərbaycan Respublikasının dövlət orqanlarının
rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin
əməkdaşları, sahə üzrə ekspertlər və digər şəxslər onlayn rejimdə
qoşularaq iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ
Günü” münasibətilə hər il keçirilən konfransların hay-erməni
saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik
mənbələrə söykənərək ifşa edilməsi məqsədini daşıdığını qeyd edərək
bu vebinarın da erməni mifomaniyasını tarixi sübutlarla, elmi
dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamı
olduğunu bildirib.

Vebinarın giriş hissəsində mədəniyyət naziri Anar Kərimov və
digərləri də çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Sonra professor Kamran İmanovun “Qədim mətnlər və klassik
mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir
və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam
etdirilməsi haqqında”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix
İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor
Kərim Şükürovun “Şuşaya dair erməniləşdirmə cəhdləri: tənqidi
təhlil”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar
İmanovun “Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı”,
politoloq-tədqiqatçı Fuad Axundovun “Qarabağ və Şərqi Zəngəzurda
Azərbaycan irsinin məhv edilməsi indiki Ermənistan ərazisində
aparılan çoxəsrlik siyasətin davamı kimi”, Əqli Mülkiyyət
Agentliyinin eksperti Elşad Əlilinin “Albaniyanın Uti vilayətinin
qədim sakinləri suvar-sabirlər” mövzularında məruzələri
dinlənilib.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)
Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev
də çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini
bölüşüblər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran
İmanovun giriş sözü və məruzəsi təqdim edilir.

Teqlər: