1918-ci ilin mart ayının sonları, aprelin əvvəllərində, ən qanlı hadisələr etibarı ilə 30 mart – 03 aprel aralığında Bakı şəhərində və (o vaxtkı rəsmi adlandırma ilə desək) Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırım aktı törədilib. Günahsız azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi “Bakı Soveti” və daşnak erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla icra edilib. Rəsmi qaynaqlara əsasən, bu soyqırım aktı nəticəsində ən azı 12 min azərbaycanlı vəhşiliklə öldürülüb, on minlərlə insan itkin düşüb.
Həmin qanlı hadisələrin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri haqqında belə yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdi. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdi”.
Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da belə dəhşətli faktlardandır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars, Arazın o tayı və digər bölgələrdə soydaşlarımızın qırğınının fəal iştirakçılarından biri – erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imiş” adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbət vaxtı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını vurğulayaraq, yalnız Bakıda Mart qırğını günlərində 25 min azərbaycanlının qətlə yetirildiyini bildirib. Yeri gəlmişkən, qırğın törədənlərin özlərinin verdiyi rəqəmlə rəsmi qaynaqlar arasındakı fərq açıq-aydın göstərir ki, faktiki olaraq daha çox azərbaycanlı qətl edilib.
Vandallar insanları qətl etməklə yanaşı, abidələri, özəlliklə islam dini abidələrini də viran edib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər dini, tarixi, mədəniyyət abidələri yandırılıb, uçurdulub.
Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
29 aprel 1918-ci ildə Gümrü yaxınlığında, əsasən qadın, uşaq və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü namərdcəsinə pusquya salınaraq son nəfərinədək qətl edilib.
Erməni silahlı dəstələri Zəngəzurda 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüb. Bütövlükdə zəngəzur bölgəsi üzrə 10068 azərbaycanlı öldürülüb yaxud şikəst edilib, 50000 azərbaycanlı isə didərgin salınıb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci ildə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü olaraq qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam mühüm tarixi hadisə olaraq, Soyqırımla bağlı hüquqi, ictimai və siyasi münasibət şəkillənməsi baxımından yeni mərhələ yaradıb.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirik. 44 günlük müharibədə qazandığımız Zəfərin bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad etdiyinə inanırırq.
Dövlətimiz var olsun!