Ermənistanda müxtəlif yürüş və mitinqlər keçirilə bilər. Ancaq əsas məsələ onların hansı nəticəni doğura biləcəyi ilə bağlıdır. Bu etiraz aksiyaları ya çevrilişlə və yeni müharibə ilə nəticələnək, ya da Ermənistan öz öhdəliklərini yerinə yetirəcək, iki ölkə arasında münasibətlərin qurulması mərhələsi başlayacaq. Erməni xalqı özü seçimini etməlidir, burada başqa yol yoxdur.
Bu sözləri AzerTimes-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov erməni kilsəsinin təşkilatçılığı ilə Kirants kəndindən başlayan və İrəvana istiqamətlənən yürüşü şərh edərkən deyib.
“Nikol Paşinyan və digər hökumət nümayəndələri xalqa olan müraciətlərində ətraflı şəkildə etirazların nəyə gətirib çıxara biləcəyi, hazırda ölkənin gələcəyinin həll edildiyi haqqında danışıblar. Məsuliyyət erməni xalqının üzərindədir. Dörd kəndin qaytarılması hələ ilk mərhələdir. Bundan sonra isə konstitusiyanın dəyişdirilməsi mərhələsi başlayacaq. Ona görə də ilk mərhələnin nəticəsi prosesin sonrakı inkişafına birbaşa təsir edəcək. Azərbaycanın haqlı tələbləri var və bunlar mütləq şəkildə yerinə yetirilməlidir. Əks halda sülh gündəliyi müharibə ilə əvəz ediləcək. Erməni xalqı rasional düşünməli və qərarını verməlidir. Çünki onlar hazırda ölkələrinin gələcək müqəddəratını həll edirlər”, – politoloq qeyd edib.