“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Danışan abidələr” layihəsi üzrə Azıx mağarası ilə bağlı qısametrajlı film hazırlanır. Artıq bu məqsədlə Azıx mağarasında çəkilişlər aparılıb. Azıx mağarasının timsalında işğal dövründə Ermənistanın dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələrimizə vurduğu ziyanı, törətdiyi vandallıqları beynəlxalq ictimaiyyətə çatdırmağı nəzərdə tutan layihənin icrası uğurla davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İB-dən məlumat verilib.
Qeyd olunub ki, qısametrajlı film işğal dövründə ermənilərin Azıx mağarasında əcnəbi mütəxəssislərin iştirakı ilə apardığı qanunsuz arxeoloji qazıntılar və hazırda abidənin bərpası ilə bağlı həyata keçirilən işləri əks etdirir. “Vizual hekayələr vasitəsilə mədəni bərpa” yanaşmasının tətbiq edildiyi multimedia məhsulu öz innovativliyi ilə fərqlənir. Qısametrajlı film hazır olduqdan sonra ingilis dilinə tərcümə ediləcək, geniş auditoriyaya təqdim olunaraq, sosial mediada yayılacaq.
“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Danışan abidələr” layihəsi çərçivəsində hazırlanan qısametrajlı film Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəniyyət abidələrimiz, onlara vurulmuş ziyan və bərpa işlərilə əlaqədar önəmli məlumatlandırıcı və təbliğedici resurslardan biri olacaq.