Erməni təxribatlarının üç səbəbi – Türkiyədən baxış

Erməni təxribatlarının üç səbəbi – Türkiyədən baxış

Fikrimcə, Ermənistanın təxribatlarının və Azərbaycan sərhəddində baş verən döyüşlərin davam etməsi mümkündür.

Bu sözləri AzerTimes-a Ermənistanın Laçın, Kəlbəcər və Daşkəsən istiqamətində dünən gecə saatlarından etibarən genişmiqyaslı təxribatlarını şərh edən Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

Professorun sözlərinə görə, bunun üç əsas səbəbi var:

“Birinci səbəb odur ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətini hələ həzm edə bilməyib. Rəsmi İrəvan Azərbaycana qarşı bir həmlə gerçəkləşdirmək yolu ilə daxili siyasətdə tarazlığı təmin etmək və əhval-ruhiyyəni yüksəltməklə danışıqlar masasında sövdələşmə gücünü artırmaq istəyir.

İkincisi, İrəvan Zəngəzur məsələsindən narahatlıq duyur. Çünki Azərbaycan Laçın dəhlizi ilə bağlı atılan addımlarla yanaşı, Zəngəzur dəhlizi məsələsindəki mövqeyindən geri addım atmır.

Dolayısı ilə yaşanan toqquşmalar yeni bir mübarizə mərhələsinin başladığını göstərir.

Üçüncüsü isə əlbəttə, Xankəndidəki separatçıların “status” əldə edə bilməsi üçün beynəlxalq dəstəyin artırılması məqsədinə nail olmaqdır. Təhriklərlə toqquşmaları ölkə ərazisinə çəkmək istəyən rəsmi İrəvan Qarabağdakı separatçıların mövqeyini yaxşılaşdırmaq məqsədi daşıyır. Nikol Paşinyan da bunun üçün hərəkətə keçib. Belə ki, o, “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilə”nin müddəalarının həyata keçirilməsini aktivləşdirmək üçün Rusiyaya müraciət etməyə qərar verib. Eyni zamanda Ermənistan KTMT-yə, BMT TŞ-yə müraciət edib, Putinə, Makrona, Blinkenə, Mişelə zəng edib. Böyük ehtimal ABŞ-ın Minsk Qrupunun yenidən canlandırılması yolu ilə proseslərə daxil olmaq istəyi ilə qarşı-qarşıyayıq. Avropadakı qaz probleminə görə Azərbaycanın AB-də mövqelərinin güclənməsi Ermənistanı yeni təsir sahələri formalaşdırmağa sövq edir. Toqquşmalardan sonra Rusiya da öz vasitəçilik rolunu göstərmək üçün yeni heyətlərarası görüşmənin təşkilatçısı ola bilər. Fəqət Ukrayna müharibəsi ilə gücü və diqqəti fərqli bir nöqtədə olan Rusiya mövcud münaqişələrin tamamilə bitməsinə də müsbət yanaşmır. Çünki dondurulmuş münaqişələr gerçəyi Rusiyanın idarəçilik tərzinin bir parçasıdır”.

Teqlər: