Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri qarşısında duruş gətirə bilməyən erməni terrorçular dəstək tapmaq üçün müxtəlif qapılara üz tuturlar. Bir tərəfdən Ermənstanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədə olduğu kimi, yenə telefonla yatıb-qalxır, digər tərəfdən, separatçı-terrorçu rejim gah erməni diasporundan dəstək tələb edir, gah Moskvaya yalvarır. Nəticə əldə edə bilmədilər, indi də ümidlərini Asul Kasumov adlı qondarma “imama” bağlayıblar.
Özünü “Ləzgistanın imamı” kimi təqdim edən Asul Kasumov müsəlmanları Qarabağdakı terrorçuları dəstəkləməyə və Azərbaycana qarşı çıxmağa çağırır. Ermənistanın bütün informasiya resursları – media, sosial şəbəkə seqmenti, Teleqram kanalları qondarma “imamın” çağırışını tirajlayır, onu özlərinin yeni “xilaskar” kimi təqdim edirlər. Düşünürlər ki, bu qondarma “imamın” çağırışından sonra müsəlmanlar müsəlman ölkəsi olan Azərbaycana qarşı çıxacaq. Bunun çıxılmaz vəziyyətdən qaynaqlanan mənasız ümidlər olduğu bəllidir. Hərçənd, Ermənistan xüsusi xidmət orqanlarının Asul Kasumov kimilərin üzərindən qurduqları oyunun hələ I Qarabağ müharibəsindən sonra nail olmaq istədikləri hədəfə hesablandığı da məlumdur.
Birincisi, Azərbaycanın azsaylı xalqlarının nümayəndələrinin dövlətə qarşı çıxmasına nail olmaq, daxili qarşıdurma yaratmaq istəyirlər;
İkincisi, bununla Ordumuzun gücünü zəiflədə biləcəklərini düşünürlər.
44 günlük Vətən müharibəsində etnik və dini kimliyindən asılı olmayaraq, hər kəsin yumruq kimi birləşməsi Ermənistanın 30 ildir həyata keçirmək istədikləri bu planlarını planlarını alt-üst etdi. Ermənistanda anlamırlar ki, Azərbaycanda insanlar dini, milli fərqliliyinə görə yox, Vətənə bağlılığına görə qiymətləndirilir. Etnik kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycanın bərabərhüquqlu vətəndaşıdır. Monoetnik ölkə olan Erməniastanda bunu anlamamaları o qədər də təəccüblü deyil, lakin onlar üçün daha bir pis xəbər var: lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağdakı etnik ermənilər separatçı-terrorçularından girovluğundan xilas ediləcək və Azərbaycan bayrağı altında bütün azsaylı xalqlar kimi bərabərhüquqlu şəkildə yaşayacaqlar.
Ermənistanın hərbi-siyasi rəhbərliyini və onların dəstəklədiyi separatçı-terrorçuları qorxudan məhz bu perspektivdir. Asul Kasumov kimi qondarma “imamı” ortaya atmaqla bu perspektivin qarşısını ala biləcəklərini, “Azərbaycanda azsaylı xalqlar anterror tədbirlərinə qarşıdır” görüntüsü yarada biləcəklərini düşünürlər. Hərçənd, bu “saman çöpündən” başqa bir şey deyil, Asul Kasumovun kimliyini araşdıranda da ermənilərin çıxılmaz vəziyyətdə olduqları və niyə məhz bu şəxsi seçdiklərinin səbəbləri ortaya çıxır.
Birincisi, Azərbaycanda ləzgi əsilli vətəndaşlarımız və digər azsaylı xalqların nümayəndələri dövlətə, Vətənə bağlılığı erməni xüsusi xidmət orqanlarının onlar üzərindən təxribat fəaliyyətini məhdudlaşdırır;
İkincisi, Azərbaycan daxilində buna nail ola bilməyən Ermənistan Şimali Qafqazdan ölkəmizə müdaxilə etməyə, oradakı yerli xalqları bizə qarşı qaldırmağa çalışır, hərçənd, bu xalqların Azərbaycan xalqı ilə tarix boyu qardaşlıq, dostluq münasibətlərinə malik olması erməni planlarını alt-üst edir.
Bu mənzərə fonunda Ermənistan yalnız Asul Kasumov kimi ləzgi xalqı tərəfindən “qovulmuş”, qəbul edilməyən şəxsləri ələ ala bildi. Vaxtilə təxribatçı fəaliyyətinə görə Azərbaycanda həbs edilən Kasumov hazırda Dağıstanda yaşayır. Azərbaycanı tərk etməsinin səbəblərindən biri də ləzgi əsilli vətəndaşlarımızın Kasumovu qəbul etməməsi, onun təxribat fəaliyyətinə qarşı çıxması idi. Kasumov Dağıstana köçdükdən sonra ləzgi əsilli Rusiya vətəndaşlarını təxribatçı fəaliyyətinə cəlb etməyə çalışsa da, analoji münasibətlə üzləşdi. Bundan sonra özünü, belə demək mümkünsə, “satışa çıxardı” və Ermənistan xüsusi xidmət orqanları Kasumovu ələ aldılar. Təxminən son bir ildə Kasumovun əsas fəaliyyəti Qarabağdakı separatçı-terrorçuların müdafiəsi üzərində qurulub.
Özünü “Ləzgistanın imamı” kimi təqdim edən Kasumova ləzgi xalqının verdiyi cavab bu təxribatçının nə Azərbaycanda, nə də Dağıstanda qəbul edilmədiyini bir daha ispat edir. Və məlumdur ki, Ermənistanın Kasumov üzərindən oynadıqları oyunun heç bir nəticəsi olmayacaq. Hərçənd, Kasumovun fəaliyyəti təkcə Azərbaycana və ləzgi xalqına qarşı deyil, həm də Rusiyanın ərazi bütövlüyünə qarşıdır. Çünki Kasumovun qondarma “Ləzgistanın imamı” olmaq iddiaları onun Şimali Qafqazda separatizmi körükləyə biləcəyindən də xəbər verir. İstisna deyil ki, Rusiyanı Qərbə satan Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyi gələcəkdə Kasumovdan antirusiya planları üçün istifadə edəcək.