Erməni təcavüzü nəticəsində dağılan 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzerTimes-a verilən məlumata görə, 11 rayon və şəhər ərazisində apardığı yenidənqurma və təmir-tikinti işləri surətlə davam edir.
İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurmuşdur. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə parallel olaraq start vermişdir: ilk mərhələdə zəruri hazırlıq işləri aparılmış, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılmış, iş həcmi dəqiqləşdirilmiş, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılmış, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanmışdır.
Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
Hazırkiİndiki mərhələdə 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılıb, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə surətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur, onlardan Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların mümkün ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər edib və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur.