Erməni separatçıların hərbi təlim təxribatı – Sülhməramlılar hara baxır? (TƏHLİL)

Xəbər - Elçin Mehdiyev – Trend:

Son günlər Qarabağda separatçıların təxribatları artmaqdadır.
Gah hansısa qondarma “işğal haqqında qanun” olmayan parlamentin
müzakirəsinə çıxarılır, gah təlim keçirilir, gah da öz aləmlərində
əhalini baş verə biləcək hansısa “təxribatlar”dan qorumağa
çalışdıqları görüntüsünü yaratmağa çalışırlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov
AzerTimes-a açıqlamasında
bildirib ki, bu təxribatlar sülhə təhdidlər yaradır.

“Hansı təlimdən söhbət gedir və ya kimə qarşı keçirilir bu
təlimlər. Məqsəd nədir? Separatçılar yenidən müharibəyə
hazırlaşırlarmı? 44 günlük müharibə onlara yaxşı düşünmək üçün
yetərli olmadımı?

Guya hansısa təhlükənin olması və əhalinin buna hazırlanması
yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir.
Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan
bölgəyə sülhün gəlməsini istəyir. Əgər Ermənistan müharibə
istəyirsə, Azərbaycan buna hər an hazırdır”, – deyə deputat qeyd
edib.

O bildirib ki, ermənilər bu təxribatların hansı nəticələrə
gətirə biləcəyini yaxşı bilirlər.

“44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi.
Dəmir yumruq hər an yerindədir. Ermənilər bunu
unutmamalıdırlar.

Cəmiyyəti düşündürən digər bir sual odur ki, bəs Rusiya
sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər,
niyə ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara
qarışıb?

Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını
almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu
təxribatların qarşısını almaqda acizdirlərsə, Azərbaycan özü
təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir.

Bu təxribatlara mütləq son qoyulmalıdır. Əks halda məsuliyyəti
ermənilər daşıyırlar”, – deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli isə AzerTimes-a açıqlamasında
bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət
zonasında qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, əli
azərbaycanlıların qanına batmış cinayətkar Vitali Balasanyanın
təşəbbüsü ilə keçiriləcək hərbi təlimlər ermənilərin həyasızlığını
nümayiş etdirən növbəti faktdır.

“Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır. Sual yaranır ki,
bu təlimlər hansı məqsədlə və kimə qarşı keçirilir? Ümumiyyətlə,
erməni quldur dəstələrinin Qarabağda nə işi var? Axı 10 noyabr
tarixli üçtərəfli bəyanatın 4-cü bəndi Azərbaycan ərazilərində
erməni silahlı qüvvələrinin qalmasını istisna edir… Və həmin
bəndə əsasən, Rusiya sülhməramlı kontingenti erməni hərbçilərinin
çıxarılmasına paralel şəkildə Qarabağa yerləşdirilməli idi. Belə
olan halda, sülhməramlılar niyə bu təxribata göz yumurlar?”, – deyə
politoloq bildirib.

O qeyd edib ki, qondarma rejimin hərbi təlim keçirmək cəhdi
regionda onsuzda kövrək olan sülh mühitini ciddi şəkildə
zədələyəcək.

“Ümumi gedişat isə yalnız iki tərəfə zərər vura bilər:
Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Onsuzda xaos
girdabında çabalayan Ermənistan bu kimi avanturist cəhdlərlə özünü
daha da çıxılmaz duruma salacaq. Azərbaycan Prezidentinin sülh
çağırışlarına revanşist ruhlu bəyanat və addımlarla cavab verməyə
çalışan ermənilər Dəmir Yumruğumuzun yerində olduğunu
unutmamalıdır. 44 günlük müharibədən lazımi dərs çıxarılmayana
qədər erməni xalqı xoşbəxt və firavan həyata həsrət qalacaq. Bir
sözlə, Ermənistan və eməni xalqı üçün hazırkı böhrandan yeganə
çıxış yolu 10 noyabr bəyanatının müddəalarını yerinə
yetirməkdir.

Görünür, Rusiya sülhməramlı kontingenti öz mandatının
çərçivələrini anlamaqda çətinlik çəkir, ya da anlamaq istəmir.
Sülhməramlıların əsas missiyası iki xalqın sülh və əminamanlıq
içərisində yaşamasını təmin etməkdir. Yerləşdiyi ərazidə yerli
icmalardan birinin hərbi təlim keçirməsinə göz yummaq qəti şəkildə
sülhməramlı missiyanın mahiyyətinə ziddir. O baxımdan, ermənilərin
Qarabağda davam edən hərbi təxribatları elə ilk növbədə Rusiyanın
özünün imicini ciddi şəkildə zədələyəcək. Moskva nəhayət
anlamalıdır ki, Rusiya sülhməramlılarının Qarabağda gələcək
mövcudluğu Azərbaycan tərəfinin mövqeyi ilə şərtlənəcək. Çünki
torpağın sahibi və qalib tərəf Azərbaycandır!”, – deyə C.Əhmədli
əlavə edib.

Teqlər: