Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya son səfəri çərçivəsində “Lotte” otelində qonaq olub. Paşinyan hətta TikTok səhifəsində otel işçilərinin ona necə sürpriz etdiyini göstərən video yaydı.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
“Euromedia24”-ün iddiasına görə, Rusiyaya fövqəladə və səlahiyyətli səfir təyin edilən Qurgen Arsenyan həmin oteldə Ermənistanın Müstəqillik Gününə həsr olunmuş tədbir planlaşdırıb.
“Təbii ki, səfirin belə bir tədbir təşkil etməsində qəribə heç nə yoxdur. Qəribəsi odur ki, tədbir oktyabrın 18-də təşkil olunur və həmin gün Azərbaycanın Müstəqillik Günüdür (Müstəqilliyin Bərpası Günü – red.). Əslində belə çıxır ki, Qurgen Arsenyan 18 oktyabrda Azərbaycanın Müstəqillik Gününü qeyd edir.
İndi sual yaranır, bu, təsadüfdür, yoxsa konspirativ tənzimləmə?”, – erməni mediası yazıb.