Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı dəstələrinin təslim olmasından sonra artıq yeni gündəm formalaşıb: erməni sakinlərin reinteqrasiyanın həyata keçirilməsi, separatçı-terrorçu rejimin onlara vurduğu ziyanın aradan qaldırılması, onların problemlərinin həll edilməsi;
Azərbaycan ən yüksək səviyyədə bunu dəfələrlə gündəmə gətirib. Prezident İlham Əliyev antiterror tədbirlərinin nəticələri haqda çıxışında Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni sakinlərlə bağlı proqramı təqdim etdi.
Erməni sakinlərin hüquqları təmin ediləcək
Prezident İlham Əliyev bəyan etdi ki, erməni sakinlərin bütün hüquqları təmin ediləcək. Bura təhsil, mədəniyyət, din hüquqları daxildir, o cümlədən, munisipal (bələdiyyə) seçki hüquqları da olacaq.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabərhüquqlu vətəndaş kimi yaşayır. 44 günlük Vətən müharibəsi etnik, dini kimliyindən asılı olmayaraq, hər kəsin Azərbaycan uğrunda yumruq kimi birləşdiyinin ispatıdır. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də üçrəngli bayrağımız altında bərabərhüquqlu azad insanlar kimi yaşayacaqlar.
Əhalinin təhlükəsizliyi təmin olunacaq
İndiyə qədər separatçı-terrorçu rejimin girovluğunda qalan erməni əhalisinin bütün hüquqları Azərbaycan dövləti tərəfindən müdafiə olunacaq. Prezident İlham Əliyev bəyan etdi ki, bütün haqsızlıqlara baxmayaraq, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: “Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Artıq kriminaı rejimin ünsürləri təslim oldu və onların erməni əhalisi üzərindən güc yolu ilə saxladıqları təsir imkanları da sıradan çıxır. Bundan sonra erməni sakinlərin təhlükəsizliyi Azərbaycanın bütün vətəndaşları kimi dövlət tərəfindən təmin ediləcək.
Azərbaycan vətəndaşı olmaq ermənilərə hansı üstünlükləri verəcək?
Son 30 ildə erməni əhalisinin yaşadığı ərazilərdə heç bir infrastruktur qurulmayıb, xunta rejimi bütün sərvətləri talayaraq, öz sərvətlərini artırıblar. Təslim olduqları günə qədər də bununla məşğul olublar. Bu vəziyyətdən ən çox əziyyət çəkən məhz erməni əhalisi olub. Onlar normal təhsildən, normal səhiyyədən məhrum olublar. Azərbaycan erməni sakinləri bu vəziyyətdən xilas edəcək. Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzru buna nümunə olaraq göstərdi.
“Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur”, – dövlət başçısı bildirib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda işğalçıların məhv etdiyi şəhər və kəndlər sıfırdan qurulur. Prezident elan etdi ki, eyni quruculuq işlərini Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda da yaradacağıq.
Nəhayət, erməni sakinlər üçün də normal həyat şansı yaranıb. Yevlax görüşündə erməni sakinlərin nümayəndələrinin bütün xahişləri – yanacaq təminatı, humanitar yardım və s. – mərkəzi hakimiyyət tərəfindən qəbul olundu. Bu amil Azərbaycan dövlətinin öz vətəndaşlarının həyatına yüksək önəm verdiyini bir daha ispat edir.