Xəbər - Elçin Mehdiyev – Trend:
Erməni quldurları tərəfindən törədilən Malıbəyli və Quşçular qətliamı Azərbaycan xalqına qarşı edilən ən qanlı cinayətlərdən biridir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, bu qanlı cinayət nəticəsində 50-ə yaxın dinc azərbaycanlı erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib.
“Təəssüf ki, erməni cinayətkarlığı, erməni qəsbkarlığı bununla bitməyib. O zaman Şuşa şəhərinin mühasirəyə alınması, mülki vətəndaşlara, mülki obyektlərə qarşı törədilən terror hadisələri zəncirvari şəkildə davam edirdi. 1991-ci ildə mühasirədə olduğu üçün Şuşaya gediş-gəliş yalnız vertolyot ilə mümkün idi və Şuşaya uçan sonuncu vertolyot isə yanvarın 28-də ermənilər tərəfindən vuruldu.
Hava nəqliyyatının dayandırılması Şuşanın Malıbəyli və Quşçular kəndlərini də ağır vəziyyətdə qoymuşdu. Beləliklə, 1992-ci il fevral ayının 10-u gecə yarısı erməni silahlı quldurları kəndlərə hücum etdilər və orada olan insanlara qarşı qətliam törətdilər.
Biz bu soyqırımı, Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş qətliamı haç zaman unutmuruq, unutmayacağıq. Artıq torpaqlarımız işğaldan azad edilib və biz həmin insanlarını ruhunu daim yad etməliyik, onları xalqımızın qırılmaz ruhunun nümunəsi kimi təqdim etməliyik. 44 günlük Vətən müharibəsində qələbə ilə 30 ildən sonra tarixi ədalət bərpa olundu, qətlə yetirilən o günahsız insanların qanı yerdə qalmadı”, – deyə T.Gəncəliyev əlavə edib.