Sosial şəbəkələrdə müzakirələr, paylaşımlar zamanı maraqlı faktlar üzə çıxır. Bu faktların bəziləri sonradan mediada öz əksini tapır. Belə faktlardan birini ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsinin iştirakçısı Azay Kərimov paylaşıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, o, Feysbukda bir paylaşımın altında 38 il öncə başına gələn hadisəni şərh kimi yazıb.
Həmin şərhi xırda redaktə ilə təqdim edirik:
“1986-ci il idi. Rus Ordusunda xidmət edirdim. 21 yaşım var idi. Əfqanıstanda mədəmi yazva yarası (mədə xorası-red.) tutmuşdu. Hospitalda almaqeldən verib, sakitləşdirirdilər, amma sağalmırdı. Qəfil yolda öskürək tutanda dizlərim qatlanırdı, qan qusurdum”.
A.Kərimov bildirib ki, bir dəfə yol qırağında, erməni və azərbaycanlıların bir yerdə meyvə satdıqları yolun kənarında onu yenidən öskürək tutub:
“Bu dəfədə öskürəkdən qan qusdum. Bir erməni qadın məni evinə apardı. Hər gün səhər 100 qram təmiz spirt, dalınca da 150 qram bal verdi. Beləcə, 21 günün içində həkimlərin bacarmadığını etdi və məni sağaltdı. O vaxtdan bu günə kimi heç bir problemim yoxdur. Nə istəyirəm, yeyirəm”.