Ermənistanla Azərbaycanın vasitəçilər olmadan təkbətək görüşü və sülh müzakirələri aparması təşəbbüsü erməni politoloqların həyəcanını artırmaqdadır.
AzerTimes xəbər verir ki, bunu “təhlükə olaraq” görənlər sırasına erməni deputat Arman Abovyan da qoşulub.
Hər zaman ağalarına sığınan, arxasına aldığı bu və ya digər beynəlxalq gücə nökərçilik etməklə, Azərbaycan ərazilərinə iddialarını reallaşdırmağa çalışan erməni düşüncə tərzindən xilas olmayan Abovyan bildirib ki, “Türkiyə-Azərbaycan tandem” xarici vasitəçiləri (Rusiya, ABŞ, Avropa, İran) Ermənistanla danışıqlar prosesindən kənarlaşdırmağa və Ermənistanın danışıqlar masası arxasında tək qalacağı bir vəziyyət yaratmağa çalışır:
“Aydındır ki, “Ermənistan və Azərbaycanın vasitəçilərə ehtiyacı yoxdur” gözəl şüarları altında erməni heyətindən maksimum ərazi və siyasi güzəştlər qoparmaq üçün ağır hesablamalar aparılır, üstəlik, Türkiyə-Azərbaycan tandemi bilir ki, Ermənistanın hazırkı hakimiyyəti hər zaman buna hazırdır”.
O iddia edib ki, Türkiyə-Azərbaycan tandemi “üç addım” taktikasını seçib:
“Bu, Ermənistanın mövcudluq tarixinə ən qısa zamanda yekun nöqtə qoymağa imkan verəcək:
1. Paşinyan hakimiyyətindən maksimum güzəşt almaq;
2. Müharibə ilə alına bilməyənləri “sülh müqaviləsi” çərçivəsində əldə etmək;
3. Sülh və müharibə yolu ilə əldə edilə bilməyəcəyi yerli erməni ərazilərini köçəri subtürk tayfaları ilə məskunlaşdırmaqla əldə etmək.
Ona görə də azərbaycanlılar artıq “Qərbi Azərbaycan” mövzusunu fəal şəkildə müzakirə edir, azərbaycanlı qaçqınların “Qərbi Azərbaycan” adlandırdıqları Ermənistan ərazisinə qayıtması mövzusunda beynəlxalq siyasi diskurs təqdim etməyə çalışırlar”.
Abovyan “bədnam dünya ictimaiyyəti”nin guya “qərb, cənub, şərq və ya quzey Azərbaycan” olmadığı, türklərin əsl vətəninin Monqolustanla Altay arasında yerləşdiyi haqda artıq çoxdan darmadağın edilmiş saxta tarixi öz erməni ağlı ilə təkrarlayaraq bildirib:
“Amma real siyasətin “güc haqqı diktə edir” əsas qanununu nəzərə alaraq, biz ermənilər bunu başa düşməliyik: öz torpağında yaşamaq hüququ yalnız xalqın öz Vətənini bütün mümkün vasitələrlə qorumaq istəyi ilə bərqərar olur”.