Erməni maqnat Zərdabiyə 5 min rubl göndərir və deyir ki…

Erməni maqnat Zərdabiyə 5 min rubl göndərir və deyir ki…

Azərbaycan dilində ilk qəzetin yaradıcısı, milli mətbuatın banisi Həsən bəy Zərdabi təkcə maarifçi, jurnalist və yazar deyildi. O, eyni zamanda, Şəhər Dumasında deputat idi və burdakı fəaliyyəti onu ölümə aparan xəstəlik yaşamasına səbəb olmuşdu.

AzerTimes xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev deyib.

O bildirib ki, hər zaman Dumada xalqın sözlərini çatdırmasına baxmayaraq, çox nadir hallarda onun təklifləri reallaşırdı:

“Həsən bəyin ağır stress yaşayıb xəstəliyə düşməsinə və ondan sonra da vəfat etməsinə səbəb olan hadisə budur: O illərdə Bakıda əhali içməli su problemi yaşayırdı. Əhalinin su təminatını ödəmək üçün sahibkarlar çənlər vasitəsilə su gətirir, bundan böyük pullar qazanırdılar. Bəzən elə olurdu ki, şəhərin böyük hissəsində yaşayan kasıb insanlar içməli su əldə edə bilmirdilər, buna görə də müxtəlif xəstəliklər yayılırdı. Bunu eşidən Həsən bəy Şəhər Dumasında bu məsələni qaldırır və deputatların əksəriyyəti onu dəstəkləyir. Əhalinin sağlamlığı və xəstəliklərin qarşısının alınması üçün Həsən bəy mütəxəssislərlə məsləhətləşir və belə rəy alır: “Bakıda sakinlərin sağlamlığı üçün mütləq şəhərə təmiz dağ suyu çəkilməlidir”.

Bu rəyi Dumada səsləndirən Həsən bəyə qarşı deputatlar arasında müxalifət formalaşır, onlara başçılıq edən isə erməni icmasının nümayəndəsi, sahibkar Ambarsum Məlikov idi. Erməni deputat çıxış yolunun dağ suyu yox, məhz onun malikanəsi olan Zuğulba çeşməsindən su xətti çəkilməsində görürdü. Bəzi deputatlar onu dəstəkləyirdi, çünki bu su çəkilməsi şəhər büdcəsinə az pula başa gələcək idi. Amma Həsən bəy kəskin çıxış edərək, bir erməninin bu işdən milyonlar qazanmasında narahatlığını bildirir, həmçinin, tərkibində minerallar olmayan suyun insanlarda qızdırma xəstəliyinə səbəb ola biləcəyini sübut edir. Bu sübutdan sonra erməni Ambarsum Həsən bəyə 5 min rublla belə xəbər göndərir: “Müsəlmanların dərdini çəkmək onamı qalıb? Qoy müsəlmanları allahları düşünsün!”

Bu hadisədən sonra Şəhər Dumasında böyük mübahisə baş verir. Erməninin hərəkətindən sarsılaraq tamam özündən çıxan Həsən bəy onu yaramaz adlandırır və bundan sonra erməni yalandan hay-küy salaraq onu duelə çağırır. Həsən bəy heyrətlə ona deyir :

– Nə?! Sizinlə duel?! Siz sadəcə axmaqsınız!

Lakin Həsən bəy Dumada məğlub olur, ermənin pulu hər şeyi onun xeyrinə həll edir və nəticədə Həsən bəy ağır sarsıntı keçirir. Həyat yoldaşına xəstəlikdən əziyyət çəkən zaman bu sözləri deyirmiş:

“Üzülürəm ki, Dumada belələrinə məğlubiyyətim mənafeyini qoruduğum zavallı adamların arasında baş verən saysız-hesabsız qurbanları artırır”.

Həsən bəy bu hadisədən sonra çox yaşamır və rəhmətə gedir.

Zərdabini izdihamla Bibiheybət məzarlığında dəfn edirlər. Lakin sonradan yol çəkmək adı ilə qəbiristanlıq uçurulur. Tikintiyə başlamazdan öncə ailələrə xəbər verirlər ki, burada kimin ölüsü varsa, gəlib nəşini götürüb başqa yerlərdə dəfn etsinlər. Onun qızı Qəribsoltan xanım çətinliklə sümükləri aparıb Bakının kənar yerində dəfn edir. Böyük maarifçi və ilk mətbuatın banisinin məzarının yeri uzun zaman bilinmir.

1957-ci ildə Bakının kənar qəbiristanlıqlarından birində professor Abbas Zamanov bir qrup tələbəsi ilə böyük çətinliklə də olsa, Zərdabinin məzarını tapır və Fəxri Xiyabanda dəfn edirlər”.

Teqlər: