Rusiya və Ukraynanın bəzi media qurumları Ermənistanın Baş naziri Nikol Paşinyanın Moldovaya son səfəri zamanı Ukraynanın erməni icmasının nümayəndələri ilə görüşdə Ukrayna ordusunun tərkibində döyüşəcək “Erməni legionu” yaratmaqla bağlı ona təklif irəli sürüldüyünü yazıb.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Bloknot” nəşrinin məlumatına görə, silahlı təşkilat yaratmaq ideyasını iş adamı Marat Akopyan irəli sürüb. Onu ukraynalı ekspertlər dəstəkləyib və onlar da həmin legionun yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduqlarını bildiriblər. Nəşrin yazdığına görə, hər şey NATO-nun nəzarəti altında həyata keçiriləcək.
Ukrayna mətbuatında dərc olunan yazılara görə, Ukraynanın erməni icması “Erməni legionu” yaratdığını bəyan edib. “Erməni legionu”nun hətta öz bayrağı var. Ukraynanın Ermənistandakı ilk səfiri Aleksandr Boyko “Erməni legionu”nun təntənəli yaradılış mərasimində iştirak edib. Tədbirdə “Qardaşlıq” xristian hərəkatının və hərbiləşdirilmiş qrupun rəhbəri, siyasətçi Dmitri Korçinski də iştirak edib.
Bu addıma cavab olaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyinin tərkibində “ArBAT” adlı silahlı təşkilatın Rusiyada yaradılması qərara alınıb.
Qeyd edək ki, Rusiyanın işğal edilmiş Ukrayna ərazilərində könüllü erməni batalyonları yerləşdirdiyi barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yaymışdı.
Belə çıxır ki, Ukraynada “Erməni legion”u Ukrayna tərəfdə, “ArBAT” isə Rusiya tərəfdə vuruşur.