Erməni informasiya müharibəsinin texnika və üsulları

Erməni informasiya müharibəsinin texnika və üsulları

Qarabağ müharibəsinin başa çatmasına və Azərbaycanın qələbəsi, Ermənistanın isə məğlubiyyətinə baxmayaraq, İrəvan Bakıya qarşı informasiya müharibəsini davam etdirir. Birinci Qarabağ savaşı zamanı Azərbaycanın Qarabağ bölgəsinin erməniləri radikal təşkilatlarının ideoloji təsiri altında düşüb, qondarma referendumla bu bölgənin ayrıldığını elan etdilər. İrəvan bu separatçı qrupları Bakıya qarşı silahlandırıb, Azərbaycan bölgələrində terror aktları törədib, öz diasporu vasitəsilə beynəlxalq ictimai rəyi manipulyasiya etməyə nail oldu.

AzerTimes xəbər verir ki, bu barədə “Modern Diplomacy” məlumat yayıb.

“Ermənistan ordusu Azərbaycana qarşı etnik təmizləmə kimi xarakterizə edilə bilən işğal törətdi, təxminən bir milyon insanı otuz il ərzində didərgin saldı. Növbəti 30 il ərzində işğala son qoymaq üçün diplomatik səylər nəticəsiz oldu və 27 sentyabr 2020-ci ildə İrəvanın Bakıya növbəti təxribatdan sonra yeni müharibə başladı. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan işğal etdiyi əraziləri saxlamaq üçün müxtəlif taktikalardan istifadə etdi: dezinformasiya, kiberhücumlar, mülki hədəflərə və strateji infrastruktura ballistik raket zərbələri endirmək.

İkinci Qarabağ müharibəsində Ermənistan dezinformasiya kampaniyaları ilə üç əsas hədəf qrupu müəyyən etdi: Ermənistan cəmiyyəti, Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət. Artıq 30 ildir ki, erməni cəmiyyəti güclü millətçi-ideoloji təsir altındadır. Erməni icması hesab edir ki, onlara deyilənlər yeganə həqiqətdir. 44 günlük müharibə zamanı erməni qoşunlarının hər bir məğlubiyyəti bir neçə gün gec elan edilirdi. İrəvan xaricdə qurban rolunu oynadığı halda, ölkə daxilində Bakının böyük itkilər verdiyi barədə məlumatlar yayır, üstəlik guya Ermənistana qarşı təkcə azərbaycanlılar yox, Türkiyə və Pakistan kimi ölkələrin də savaşdığını iddia edirdi. Lakin bu iddialara heç bir sübut təqdim olunmadı.

İrəvan beynəlxalq dəstəyə ümid edirdi, müharibəni uzadırdı. Ermənistan yerli etnik azlıqlardan istifadə edərək Bakıda sosial iğtişaşlar salmağa çalışdı, amma Azərbaycan xalqına qarşı növbəti dəfə uduzdu. Ermənistan Azərbaycanın mülki yaşayış məntəqələrinə hücum edərək qorxu və panika yaratmağa çalışdı, beynəlxalq aləmdə isə qurban rolunu oynamağa davam etdi. Eyni zamanda, ölkədə media və sosial şəbəkələrdən istifadə etməklə ciddi qara təbliğat, nifrət nitqi və dezinformasiya siyasəti apardı”, -məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistan beynəlxalq arenada üç növ informasiya kampaniyası aparır:

“Xristian ölkələrində o, müharibənin “xristian demokratik dövləti ilə müsəlman qeyri-demokratik dövləti” arasında olduğu görüntüsü yaratmağa, Azərbaycanda yaşayan dinc erməni azlığına Bakının hücumuna məruz qalması fikrini yaratmaqla Qərbdə liberalların dəstəyini qazanmağa çalışdı. Müsəlman ölkələrində isə müharibənin dini yox, etnik xarakter daşıdığını yaydı. Xüsusən də ərəb ölkələri üçün həmin dövrün geosiyasi şəraitini nəzərə alan İrəvan Türkiyə-Ermənistan müharibəsinin getdiyi fikrini yaratmağa cəhd edirdi. Ermənistan beynəlxalq ictimai arenada yanlış rəy yaratmaq üçün sosial şəbəkələrdən fəal bəhrələndi. Müharibənin ilk iki günündə münaqişəni müzakirə etmək üçün çoxsaylı Tvitter hesabları yaradıldı.

Sentyabrın 27-dən 29-a qədər münaqişə ilə bağlı həştəqlərin yer aldığı 206 min 116 tvit araşdırılıb. Bu müddət ərzində verilənlər toplusunda 70 min 350 unikal hesab müəyyən edilib, onlardan 7 min 764-ü bu iki gün ərzində yaradılıb. Yeni yaradılmış hesablar bütün tvitlərin 14,5%-ni təşkil edib. Üstəlik, bu Tvitter hesabları vasitəsilə ingilis, ispan, ukrayna və alman dillərində Ermənistan hökumətinin rəsmi xəbərlərinin yayıldığını görmək mümkün olub.

Fevralın 23-də Tvitter bununla bağlı bəyanat yayıb: “Araşdırmalarımız başa çatdıqdan sonra platforma ilə manipulyasiya siyasətimizi pozduğu üçün 373 əlaqəli hesab Tvitterdə həmişəlik qadağan edilib. Biz Ermənistan hökuməti ilə əlaqəsi olan 35 hesabı araşdırıb sildik. Bu hesablar Azərbaycana yönəlmiş mənfi məlumatları təbliğ etmək üçün yaradılıb”.

Bu hesablar abunəçiləri cəlb etmək və erməni mövqelərini gücləndirmək üçün spam göndərməklə məşğul olub. Saxta hesabın Azərbaycan Müdafiə Nazirliyi və bəzi vəzifəli şəxslərin adından açıldığı müəyyən edilib.

Azərbaycan cəbhədə işğalçı qoşunlardan müdafiə olunarkən, beynəlxalq aləmdə dezinformasiya ilə də üzləşməli oldu. Etibarlı məlumat vermək üçün Azərbaycan Prezidenti İlham Əliyev sırf beynəlxalq media üçün 30-dan çox müsahibə verdi, Bakıda beynəlxalq informasiya agentlikləri ilə görüşlər keçirildi. Əgər Azərbaycan uğurlu kommunikasiya strategiyası həyata keçirməsəydi, işğalçılar məqsədlərinə nail ola bilərdilər. Buna görə də belə vəziyyətlərlə bağlı fəal şəkildə inkişaf etdirilməli olan strateji kommunikasiyaya ehtiyac var. Demək olar ki, Azərbaycan ədalətsizliyə məruz qalan bir çox dövlətlər üçün nümunə ola biləcək uğurlu strateji kommunikasiya təşəbbüsünü həyata keçirib”.

Teqlər: