Xəbər - Elnur Bağışov – Trend:
Erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi və
dedi ki, azərbaycanlıların bununla gözlərini çıxardılar .
Bunu AzerTimes-a
müsahibəsində dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı soyqırımı
ilə xatirələrini bölüşərkən deyib.
“Əslində 40 ildən çoxdur ki, mən dünyada baş verən müharibələr,
faciələri yaxından görmüşəm və bunlarla əlaqədar şəkillər çəkmişəm.
Xocalı faciəsinin törədildiyini fevralın 27-də eşitdim və bir neçə
gün ərzində Azərbaycana gəldim. Bakıda o vaxtkı “İnturist”
hotelində Fransanın humanitar təşkilatlatlarının 4 səhiyyə
nümayəndəsi ilə tanış oldum. Bu təşkilatların nümayəndələri
Xankəndidə ermənilərin ağır vəziyyətdə olduqlarını və onlara yardım
olaraq dərman preparatlarını apardıqlarını bildirirdilər. Mən həmin
şəxslərə əslində azərbaycanlılara qarşı faciənin törədildiyini
söylədim və onlarla birlikdə Ağdama getdik”, – deyə o qeyd
edib.
Reza Deqati həmin tarixi belə xatırlayır:
“Ağdamda İcra Hakimiyyətinin qarşısında Allahverdi Bağırovla
tanış oldum. A.Bağırovun saf ürəkli və cəsarətli olduğunu gördüm.
Onlara fransızların Xankəndiyə getmək istədiyini dedim, Bağırov
bildirdi ki, köməklik göstərəcək.
Bu zaman Ağdam İcra Hakimiyyətinin qarşısına çoxlu sayda insan
toplaşmışdı. Mən onların Xocalıdan gəldiklərini və əksəriyyətinin
Ağdam məscidinin arxasına toplaşdığını öyrəndim. Orada artıq hansı
dərəcədə dəhşətli faciənin baş verdiyi bəlli oldu. Xocalı sakinləri
insanlığa zidd qəddarlığın törədildiyini danışırdılar. Doğrudan da
bir insanın belə işi görə biləcəyinə inanmaq çətin idi. Xocalı
meyitlərinin gətirildiyi morqun qarşısında 100-dən çox insan
toplaşmışdı. Meyitlər Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən
gətirilirdi. Həmin meyitlərin üzərində dəhşətli işgəncələrin izləri
açıq-aşkar müşahidə olunurdu. Mən fransız humanitar təşkilatların
nümayəndələrini də oraya gətirdim və onlara hansı hadisənin baş
verdiyini göstərdim. Bizə xəstəxanada çoxlu sayda yaralının
olduğunu bildirdilər və fransız tibb işçiləri o yaralıları müalicə
etməyə başladılar”.
Fotoqraf qeyd edib ki, A.Bağırov ondan bir qrup əsirin
dəyişdiriləcəyini və əsirlərin dəyişdirilməsi zamanı fransızca
danışmasını istəyib.
“Çünki ermənilər arasında çoxlu sayda fransız dilində danışan
hərbçilərin olduğunu bildirdi. Əsirlər dəyişdirilərkən Fransa
vətəndaşı olan bir erməni hərbçi dedi ki, Fransadan çoxlu sayda
hərbçi burada döyüşür. O məndən niyə azərbaycanlıların şəkillərini
çəkdiyimi soruşur və bunun təhlükəli olduğunu deyirdi.
Onun yanındakı sərxoş vəziyyətdə olan erməni hərbçi cibindən bir
çay qaşığı çıxarıb mənə göstərdi. Səbəbini soruşduqda fransız
dilini bilən erməni dedi ki, azərbaycanlı gördükdə çay qaşığı ilə
gözlərini çıxardırlar. Əsirlər dəyişdirilən zaman azərbaycanlı
əsirlərin ağır vəziyyətdə olduqlarını, ermənilərin isə heç əsirə
oxşamadığının şahidi oldum. Bütün bunlar fotolarda da özünü
göstərir.
Bir gün 7 meyit gətirilmişdi. Orada insanlar öz yaxınlarını
axtarırdılar. Yaşlı bir qadın həyat yoldaşı və oğlunu faciə gecəsi
itirmişdi. O da hər dəfə meyit gətiriləndə gedib onları axtarırdı.
Həmin gün qadın gözləri məni axtarırmış kimi “onları tapdım, amma
gözləri yoxdur” deyə qışqırırdı. Bu zaman erməni hərbçinin dediyi
qaşığı xatırladım, gedib o meyitin gözlərinin olmadığını gördüm.
Həkimlər həmin adamın diri-diri gözlərinin çıxarıldığını, sonra isə
şaxtalı havada donaraq öldüyünü bildirdilər”, deyə R.Deqati əlavə
edib.
Reza Deqati Xocalı faciəsinin işıqlandırılması ilə əlaqədar
planlarından danışıb.
“Xocalı faciəsini bir sıra jurnalistlər, fotoqraflar
işıqlandırıblar. Bu faciəni gördükdən sonra məndə bir məsuliyyət
hissi yarandı ki, onlara verilən zülmləri, danışdıqlarını dünyaya
çatdırmalıyam. 1992-ci ildən bəri dünyada, əsasən Fransada
(bildiyiniz kimi Fransada erməni çoxdur və mənə də Xocalı ilə
əlaqədar konfrans keçirəndə, sərgi təşkil edəndə təzyiq
göstərirlər) bu həqiqətləri çatdırıram. Çünki bu məsuliyyəti özümdə
hiss edirəm. Hazırda da “Xojali Witness” adında yeni bir sayt
yaradıram. Bu sayta həm öz materiallarım, həm də digər rejissorlar,
jurnalistlər və fotoqrafların şəkillərini yığıram ki, Xocalı
soyqırımı haqqında önəmli informasiya mənbəyi olsun. Bundan başqa
ADA Universiteti ilə birlikdə 3 kitab hazırlamışam. Təxminən 1 aya
qədər bu kitablar çapdan çıxacaq.
2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda qaldım. Səbəbi,
Qarabağda ermənilərin 30 il ərzində törətdikləri vandallığı dünyaya
çatdırmaqdır. Təxminən 1 ildir ki, ermənilərin Qarabağı necə
“qoruduğunu”, orada necə yaşadıqlarının şəkillərini çəkirəm”, –
deyə o bildirib.
R.Deqati bildirib ki, Xocalı ilə əlaqədar saytdan əlavə başqa
bir sayt hazırlayıb. Bu sayt 1992-ci ildən indiyə qədər Qarabağla
əlaqədar bütün hadisələr haqqındadır.
“Mənim üçün daha önəmli olan Qarabağın bərpasıdır. Artıq bununla
əlaqədar şəkillər çəkməyə başlamışam. Dünyaya göstərmək istəyirəm
ki, bir qrup 30 il Qarabağda sadəcə təxribatla, hər yeri
dağıtmaqla, viran qoymaqla məşğul oldu. Amma indi başqa bir qrup
iki ildir buranı bərpa edir. Dünya özü baxıb görsün ki, bu iki
qrupdan hansı bu torpaqların əsil sahibidir. Bu torpaqların əsil
sahibləri öz gənclərini onun uğrunda şəhid veriblər və indi onu
dirçəldirlər”, – deyə o qeyd edib.