ABŞ-da Kaliforniya ştatının sakini, erməni əsilli Uilyam Stepanyan türk restoranında beş nəfərə hücumunu etiraf edib və nifrət zəminində hücum törətməkdə özünü təqsirli bilib.
Trend bu barədə qərb KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, insident 2020-ci il noyabrın 4-də Kaliforniya ştatının Malibu şəhərində “Cafe Istanbul” restoranında baş verib. Erməni əsilli amerikalı U.Stepanyan və daha səkkiz nəfər restorana gələrək, əməkdaşlar da daxil olmaqla beş nəfərə hücum edib.
Elə həmin gün U.Stepanyanın “türkləri ovlamaq” niyyətində olduğu yazdığı məlum olub. Hücum zamanı o, maskada olub və türklərin ünvanına təhqirlr səsləndirib. O və digər hücum edən şəxs, 24 yaşlı Harri Çelikyan restoranda olanlara “Biz sizi öldürməyə gəlmişik!” deyə səslənib.
Xəsarət alanlardan dörd nəfəri Türkiyə vətəndaşı olub.
(Tərcümə: Orxan Nəbiyev)