Jurnalist Qayane Zərgəryan erməni zabitlərin əsgərlərə qarşı qanunsuz hərəkətləri ilə bağlı yeni təfərrüatı açıqlayıb.
AzerTimes xəbər verir ki, o, bu barədə öz Yutub kanalında məlumat yayıb.
“Döyülən hərbi qulluqçu ilə telefon danışığım zamanı məlum olub ki, onu vuran, sonra isə alçaldan zabitlərdən biri bölmənin komandiri, polkovnik Qarik Muradyandır. Çağırışçının sözlərinə görə, o, döyüləndə özünü müdafiə etmək istəyib. Bu hadisədən sonra onu Qafan hərbi polisinə göndəriblər və orada onu ikinci dəfə döyüblər. Əsgərə onun əmrə tabe olmadığı üçün döyüldüyünü deyiblər. Əsgər də qeyd edib ki, əmrlərə əməl edir, amma komandir nizamnaməyə uyğun əmr vermir. Bundan sonra daha dörd nəfər onu döyüb. Əsgəri döyənlər uniformalı hərbi polis işçiləri olub”, – erməni jurnalist bildirib.
Çağırışçı niyə bu barədə danışmadığı sualına cavab verərək bildirib ki, qorxur və baş verənlərlə bağlı heç kimə heç nə deyə bilmir:
“Çünki onu yenidən döyə və işgəncələrə məruz qoya bilərlər. Əsgər döyüldükdən sonra hərbi hissəyə göndərilib, lakin sonradan qolu sındığı üçün xəstəxanaya köçürülüb. Əsgər deyib ki, kimsə döyülürsə, bunu gizli saxlayır və bu, normal sayılır. Döyülən başqa çağırışçılar da var, amma adlarını açıqlamaq istəmir. Hərbi hospitalda da qolunu sındırdıqlarını deməyə qorxub. Xəstəxanada tibb bacılarının verdikləri dərmanların onda allergiya yaratdığını desə də, yenə də ona bu dərmanları içməyə məcbur ediblər”.