Ermənilər başqa xalqların mədəniyyət nümunələrini oğurlamaq və tarixi saxtalaşdırmaq, özünü ən qədim xalq, sivilizasiya kimi dünyaya sırımaq işində xüsusi təcrübə və qabiliyyətə sahibdirlər.
Bu sözləri AzerTimes-a erməni ekspert Armen Vardanyanın öz açıqlamasında erməni dili haqqında səsləndirdiyi fikirlər haqda danışan Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.
Alim hətta erməni yazarlarının əsərlərində də bununla bağlı çoxlu sayda faktların olduğunu bildirib:
“Vardanyan təhqir mənasında rusları “ağ türklər” adlandırır. Lakin ermənilər türklərin qurduğu Osmanlı imperiyasının onlara etdiyi güzəştlər hesabına millət kimi formalaşa biliblər. İstanbulun fəthinədək ermənilərə heç bir imkan tanınmırdı, lakin Osmanlı imperiyası onlara bir çox güzəştlər etdi, yaşamaları üçün şərait yaratdı. Hətta sayları çoxalsın deyə, ermənilər orduya çağırılmırdı.
Dil məsələsinə gəldikdə isə, düşünürəm ki, onlar bununla qürrələnməməlidirlər. Çünki erməni dili əslində heç özlərinin də doğru şəkildə başa düşmədiyi məhdud çərçivəli kilsə dili olub və sonradan bizim, eyni zamanda başqa dillərdən edilən oğurluqlar hesabına formalaşıb. Bununla bağlı bir sıra erməni tarixçinin yazdığı əsərlərdə də çoxlu sayda fakt var. On doqquzuncu əsrdə yaşamış erməni yazıçısı Xaçatur Abovyanın İrəvanda 1939, 1940 və 1950-ci illərdə çap olunan “Ermənistan yaraları”, “Naxaşavik” kitablarının və “Əsərlər toplusu”nun V cildindən bir sıra faktları da buna misal çəkmək olar:
“Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir…”.(“Ermənistan yaraları”, səh,80-81); “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb… bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq…” (“Ermənistan yaraları”); “… xalq [erməni] çoxlu miqdarda türk sözləri öyrənib və bu günədək onları işlədir…” (“Əsərlər toplusu”, səh 48); “Yeni və qədim dillərin (erməni) əsas fərqi danışıq tərzində və sintaktik quruluşundadır. Bu nöqteyi-nəzərdən qədim erməni dili (“qrabar”) Avropa dillərinə oxşayır, yeni erməni dili (“aşxarabar”) isə türk (Azərbaycan) dilinə oxşayır…” (“Naxaşavik”); “Türk (Azərbaycan) dili bizdə o qədər yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar başa düşürlər. Ona görə də xalq içərisindən çıxmış istedadlar arasında tatar (Azərbaycan) dilində şerlər yaradılması və oxunması adi hala çevrilmişdir…”. (“Naxaşavik”, səh, 48)”.
İsmayıl Tanrıverdi erməni saxtakarlığının yenə də davam etdiyini vurğulayıb:
“Ötən əsrin 80-ci illərindən etibarən Ermənistanda alınma sözlərin dildən təmizlənilməsi prosesinin başlamasına baxmayaraq, yenə də bizdən oğurlanan sözləri leksikondan tamamilə çıxara bilməyiblər. Hazırda orada qurulan Dil Şurası bununla məşğuldur. Bunun üçün onların özlərinin xüsusi metodları var. Hətta müəyyən alınma sözlərə alternativ kimi ermənicə qəbul edilən sözləri işlətməyən KİV-lər min dollardan on min dollara kimi cərimələnirlər. Apardığım müşahidə və araşdırmalara görə deyə bilərəm ki, hazırda Ermənistanda leksikonda 300-400 Azərbaycan, türk və fars sözlərindən (maral, ceyran, nərdivan, kəndirbaz, tamaşa, qələt, namus, qeyrət və s.) istifadə edirlər. Erməni saxtakarlığı yalnız dillə məhdudlaşmır, onlar yeməklərimizi, mahnılarımızı və digər milli mədəniyyət nümunələrimizi də özününküləşdiriblər. Hətta bu yaxınlarda ABŞ-ın Los-Anceles şəhərində yaşayan erməni pop müğənnisi Harut Pambukcan bəstəkar Cahangir Cahangirovun İslam Səfərlinin sözlərinə bəslədiyi “Zərif gülüşlüm” mahnısını “Qaram dardzats” (“Kərəm oldum”- red) adı ilə erməni mahnısı kimi təqdim edib.
Ümumiyyətlə isə Vardanyanın dediyi sözlər çox da təəccüblü deyil və erməni saxtakarlıqları bundan sonra da davam edəcək. Çıxış yolu isə bununla sistemli və təşkilatlanmış şəkildə mübarizə aparmaqdır”.