Xəbər - Samir Əli – Trend:
Ölkədə azyaşlı qızların erkən evləndirilməsi və ana olmasına dair faktlar bizi çox narahat edir.
AzerTimes-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq: “Söhbət nikahdan deyil, erkən evlilikdən gedir. Qanunla erkən nikahdan söhbət gedə bilməz. Bu kimi erkən evlilik faktları gizli gedən proseslərdir. Lakin qeyd etməliyəm ki, 2010-2011-ci illərdən bu yana Komitə və aidiyyatı qurumlar tərəfindən görülən tədbirlər nəticəsində bu faktlar azalmaqdadır. Elə bu faktların ən pik həddi də məhz 2011-ci ilə təsadüf edir”.
Komitə sədri qeyd edib ki, maarifləndirmə tədbirlərinə, inzibati və digər cəzalara rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir:
“Çox təəssüf ki, bu kimi məsələlər bəzi hallarda yaşlı nəslin nümayəndələrinin normal bilib, reallaşdırdığı hadisə olsa da, bəzi hallarda bunu təhsilli, cavan ailələrdə də müşahidə edirik. Düşünürəm ki, bu artıq adət-ənənədən kənara çıxır. Sadəcə bunun cinayət olduğunu bilərək əhəmiyyət vermədən reallaşdırmaq faktı kimi qəbul edilməli və cinayət qanunvericiliyi ilə qiymətləndirilməlidir. Biz bu məsələdə yanaşmaların və cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi fikirlərimiz var, amma bu təkcə bizim istəyimizdən asılı deyil. Müvafiq dövlət orqanları bizim mövqeyimizi dəstəklədiyi və bu məsələyə parlamentdə baxıldığı və qanunvericiliyə dəyişiklik edildiyi halda cəzalar sərtləşdirilə bilər. Amma indiki halda düşünürəm ki, ən sərt cəza ictimai qınaqdır.”