Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub

Ərəb koalisiyasının Yəmənin şimalında həbsxanaya hava hücumu nəticəsində onlarla insan həlak olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, husilərin bazar ertəsi koalisiya üzvü olan Birləşmiş Ərəb Əmirliklərinə hava hücumu və Səudiyyə şəhərlərinə raket və PUA-ların hücumlarından sonra koalisiya Husi üsyançı hərəkatı ilə əlaqəli hərbi hədəflərə hava hücumlarını intensivləşdirib.

Yəmənin şimalına nəzarət edən husi hökumətinin səhiyyə naziri Taha əl-Motavakel bildirib ki, həbsxanada 70 məhbus ölüb. Sərhədsiz Həkimlər təşkilatının təmsilçisi hücum nəticəsində azı 70 nəfərin öldüyünü, daha 138 nəfərin yaranlandığını bildirib.

Xəsarət alanların arasında vəziyyəti kritik olanları nəzərə alaraq ölənlərin sayının artacağı ehtimalı var.