Xəbər - Fərid Zöhrabov – Trend:
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı işıq üzü görüb. Kitabın redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır.
AzerTimes-ın məlumatına görə, monoqrafiya ərəb dünyasının Nobel mükafatına layiq görülmüş ilk yazıçısı Nəcib Məhfuzun həyat və yaradıcılığına həsr olunub.
Kitab məhfuzsevərlər üçün əsl tövhədir. Monoqrafiyada dünya şöhrətli misirli yazarın əsərləri dövrünün tarixi, siyasi-ictimai fonunda tədqiq edilib, insan psixologiyasının ən dərin qatlarını özündə əks etdirən bədii qəhrəmanları və taleləri müxtəlif prizmalardan təhlil olunub.
X.Ələkbərova kitabın sonunda yazıçının zəngin ədəbi irsindən “Göy qurşağı”, “Şəkil”, “Əxlaqsız ev”, “Müttəhim”, Hənzəl və polis”, “Naməlum düşmən” və s. hekayələrin tərcüməsini təqdim edib. Bu tərcümələr ərəb ədəbiyyatı sevərləri sevindirməklə yanaşı, N.Məhfuz dühası, bəşəri əhəmiyyətli ədəbi yaradıcılığı haqqında daha dolğun təəssürat yaratmağa imkan verir.
Qeyd edək ki, məşhur Misir yazıçısı N.Məhfuz ümumilikdə 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalədən ibarət zəngin bir irsi bəşəriyyətə miras buraxıb.