Ərdoğanla Paşinyanın telefon danışığı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində daha bir mühüm addımdır.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, Türkiyə Prezidenti və Ermənistan Baş naziri sərhədin 3-cü ölkə vətəndaşları və yüklər üçün açılmasını ətraflı şəkildə müzakirə ediblər:
“Düşünürəm ki, gələcəkdə Türkiyə və Ermənistan vətəndaşları üçün də sərhədi açmaq olar”.
Müxalifətin prosesin ilkin şərtlər daxilində getməsi barədə səsləndirdiyi fikirlərə gəlincə, Qriqoryan qeyd edib ki, bütün bu görüşlərdə heç bir ilkin şərtin olmadığı elan edilib:
“O ki qaldı Ermənistan ərazisindən keçən dəhliz məsələsinə (Zəngəzur dəhlizi nəzərdə tutulur – red.), İrəvan artıq bir neçə dəfə “dəhliz” məntiqinin qırmızı xətti olduğunu deyib və bu məsələ liderlərin danışığında müzakirə edilməyib.
Türkiyə ilə münasibətləri də ikitərəfli əlaqələr kimi müzakirə edirik, buna Ermənistan-Azərbaycan problemləri kontekstində baxılması doğru deyil. Hər halda ümid edirik ki, bu əlaqələrin nizamlanması ikitərəfli məsələdir və Ermənistanın mövqeyi belədir: Ermənistan-Türkiyə əlaqələrinin normallaşması ayrıca prosesdir”.
Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan bazarının tamamilə Türkiyənin əlinə keçməsi ilə nəticələnəcəyi haqda ehtimalları isə Qriqoryan bu cür cavablandırıb: “Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Ermənistanın iqtisadiyyatına müsbət təsir göstərəcək. Əgər hansısa çağırışlar olarsa, onlar müzakirə ediləcək və müvafiq qərarlar veriləcək”.
Qriqoryan həmçinin bu telefon danışığından sonra Türkiyə və Ermənistan nümayəndələrinin daha 3-cü ölkədə görüşməyə ehtiyacı olmayacağına ümid etdiyini vurğulayıb: “Ümid edirəm ki, bundan sonrakı görüşlər Ermənistan və Türkiyədə olacaq”.
Qriqoryan həmçinin bütün partnyorların, xüsusilə Rusiyanın Ermənistan-Türkiyə normallaşma prosesi haqda məlumatlandırıldığını qeyd edib.