Sülh məsələsi indi ən aktiv müzakirə predmetidir. Hər iki tərəf buna səy göstərir. Prezident İlham Əliyev də sülh məsələsinin vacibliyini vurğulayıb.
Bu sözləri AzerTimes-a konfliktoloq Elman Vəliyev Ermənistan Baş naziri Nikol Paşinyanın ÇOP29-a kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyanın bu təklifi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra səsləndirməsi diqqətdən yayınmır:
“Mənə görə Ərdoğanla görüş əsas dönüş nöqtəsidir. Görüşün Amerikada olması təsadüf deyil. Yəni Vaşinqton artıq Ərdoğanla Paşinyanı bir yerdə görmək istəyir. Ərdoğanın Paşinyanın əlini sıxması Paşinyan üçün bir şansdır”.
Elman Vəliyev bildirib ki, sülh müqaviləsinin qısa zaman kəsiyində bağlanması olduqca realdır:
“Sülhün bağlanması üçün böyük problemlər yoxdur. Sadəcə, uzlaşmayan amillər vardır. Bunlardan biri də Zəngəzur məsələsidir. Zəngəzurdan yol mümkündür. Ərdoğan çox güman ki, danışıqlarda bu məsələyə də toxunub. “Noyabra qədər sülh bağlanarmı” sualına gəldikdə isə hesab edirəm ki, olmayacaq bir şey deyil. Əsas məsələ budur: sülhün bağlanmasını istəməyən qüvvələr təzyiq göstərəcəkmi bu zaman kəsiyində?! Məncə, təzyiq və təhriklər olmasa, sülh mümkündür!”