Xəbər - Elgün Mənsimov – Trend:
Azərbaycanın beynəlxalq platformalarda yalnız olmadığını, istər Fransanın, istər Kanadanın və digər Avropa ölkələrinin təzyiqləri ilə bağlı haqlı davasında Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu cənab Ərdoğan hər platformada söyləyir. Bu gün işğaldan azad edilən Şuşaya ziyarət də bunun ən gözəl örnəyidir.
Bunu AzerTimes-a açıqlamasında Marmara Universitetinin Qafqaz Tarixi Bölməsində müəllim və Türk Araşdırmaları İnstitutunun direktoru, professor Okan Yeşilot dedi.
O bildirdi ki, Azərbaycan torpaqlarını işğal altından qurtarmaq üçün uzun müddət ATƏT-in Minsk Qrupu və beynəlxalq qrumlardan mədət umdu, bu məsələdə çalışmalarını davam etdirdi: “Bundan heç bir nəticə ala bilmədi, lakin 28 il ərzində öz ordusunu təkmilləşdirdi. Türkiyədən, İsraildən, Rusiyadan silahlar, pilotsuz uçuş aparatları aldı və ordusunun təchizatını inkişaf etdirdi. Bunula da möhtəşəm bir ordu yaratdı. Xarici dəstəklə ayaqda duran Ermənistan isə Rusiyanın dəstəyi ilə hərbi güçünü artırdı. 28 il səbr edən, sülh yolu ilə torpaqlarını azad etmək istəyən Azərbaycan Ermənistanın ən son təxribatlarına – 27 sentryabrdakı hücumlarına çox sərt qarşılıq verdi. Bu əks-hücum qarşısında Ermənistan çaş-baş qaldı və bütün cəbhələrdə çox ağır məğlubiyyətə uğradı. Rusiyadan və digər beynəlxalq güclərdən də istədiyi dəstəyi ala bilmədi. Nəticədə, şimaldan və cənubdan eyni anda savaşı uğurla davam etdirən Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını işğaldan qurtardı”.
O.Yeşilot vurğuladı ki, Türkiyə Respublikası müharibənin əvvəlindən etibarən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Xarici işlər və Milli müdafiə nazirləri də daxil olmaq şərtilə etdikləri bütün açıqlamalarla Azərbaycana ən yüksək səviyyədə dəstək verdilər: “Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli müdafiə naziri Hulusi Akar və parlament sədri Mustafa Şentop, eləcə də siyasi partiya təmsilçiləri Bakıya etdikləri səfərlərlə bu dəstəyi ən yüksək səviyyədə göstərdilər. Prezidentimiz hər fürsətdə Azərbaycanın tələbi nə olursa-olsun, yerinə yetiriləcəyini söyləyərək ermənilərin işğal etdiyi torpaqların azad edilməsi üçün hər cür dəstəyi verdiklərini və verəcəklərini bildirmişdir. Yəni Türkiyə rəsmiləri həm dövlət, həm də hökumət olaraq, Azərbaycanın yanında olduqlarını bütün platformalarda dilə gətirdilər. Hazırda 10 noyabr bəyanatından sonrakı müddətdə Rusiya ilə birlikdə Türkiyə əsgəri də Monitorinq Mərkəzində yer alır və anlaşmanın yerinə yetirilib-yetirilmədiyini təqib edirlər. Yəni artıq Türkiyə praktik olaraq o coğrafiyadadır. Bu anlamda, Azərbaycanın Türkiyə ilə 2010-cu ildə imzaladığı strateji müttəfiqlik və qarşılıqlı yardım anlaşmasına istinadən Türkiyə Azərbaycana hərbçi göndərmək təklifini qəbul etdi və göndərdi. Hazırda həmin hərbiçilər birgə monitorinq mərkəzində fəaliyyət göstərirlər. Dolayısı ilə həm siyasi, hə də hərbi baxımdan Azərbaycana dəstəyimiz ən yüksək səviyyədə davam etməkdədir”.
Türkiyəli professor, həmçinin qeyd etdi ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişaf etdirilməsində də Türkiyə Azərbaycana sonsuza qədər yardım edəcək: “Şuşaya ziyarət zamanı da Azərbaycanın işğaldan azad edilən torpaqlarının yenidən yaşayış halına gətirilməsi Türkiyə və Azərbaycan Prezidentlərinin ortaq açıqlamaları ilə bir daha təsdiq ediləcəkdir. Dolayısı ilə bu ziyarət bir millət, iki dövlət olmanın ən gözəl anlayışıdır. Azərbaycan haqlı mücadiləsində yalnız deyil”.
O.Yeşilot əlavə edib ki, Ermənistan xaricdən aldığı dəstəklə sərhəd xəttində davamlı təxribatlar törədir: “Bu gün minalarla bağlı Azərbaycan sıxıntılar yaşayır. Bu problemin də tezliklə çözülməsi şərtdir. Xüsusilə, Zəngəzur dəhlizinin tezliklə açılması 10 noyabr anlaşmasının əsas şərtlərindəndir. Tezliklə qaçqın və məcburi köçkünlərin öz tarixi yurd-yuvalarına dönməsi mütləqdir. Türkiyə bu məsələlərdə də əlindən gələni edəcək və Azərbaycana hər baxımdan dəstək verəcək”.